Şrift:
Gürcüstanın Kaspi rayonunun Qarabağlar və Ferma kəndlərində Vətən müharibəsi şəhidləri anılıb
11.10.2021 [09:10] - Xəbərlər, Sosial
Gürcüstanın Kaspi rayonunun Qarabağlar və Ferma kəndlərinin sakinləri Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunması gününü özünəməxsus şəkildə qeyd ediblər.

Oktyabrın 9-da Kaspi rayonunun Qarabağlar və Ferma kəndlərinin sakinləri şəhidlərimizin və əslən Şuşadan, Muradbəylilər nəslindən olan ziyalı, əsl vətənpərvər Ziyəddin Əliyevin xatirəsini anıblar.

Qarabağlar kənd məktəbinin gürcü dili müəllimi Sevda Əliyeva deyib ki, 1890-cı illərdə Şuşadan Gürcüstana gələn bir neçə ailə Kaspi rayonunun Muxran çökəkliyində məskən salıb. Bu bölgədəki Qarabağlar və Ferma kəndlərinin əsasını da məhz onlar qoyublar. Qarabağlar kəndinə də bu ad məhz Azərbaycanın Qarabağ bölgəsinin şərəfinə verilib.

Z.Əliyevin atası Alı kişi bu bölgədə adlı-sanlı ağsaqqallardan olub. Ziyəddin də həmin nəslin davamçısı kimi əsl vətənpərvərlik nümunəsi göstərib. O, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə erməni işğalçılarına qarşı əks hücum əməliyyatlarına başlayanda kənddə könüllülərdən ibarət qrup yaradıb. Azərbaycan Ordusuna dəstək qrupu Silahlı Qüvvələrimizə hər cür yardım etməyə hazır olub. Z.Əliyev Ferma və Qarabağlar kəndlərində ilk bayram şənliyini də oktyabrın 9-da - Hadrutun işğaldan azad olunduğu gün təşkil edib.

Sevda Əliyevanın sözlərinə görə, Şuşanın işğaldan azad olunduğu gün isə Z.Əliyevin təşəbbüsü ilə təkcə Qarabağlar və Ferma kəndlərində deyil, ətraf kəndlərdə də qurbanlar kəsilib, bayram şənliyi təşkil edilib, atəşfəşanlıq olub.

Bildirilib ki, Ziyəddin Əliyevin ən böyük arzusu Şuşaya getmək idi. Bunun üçün bütün hazırlıqlar görülmüşdü. Lakin vaxtsız əcəl buna imkan verməyib. 2021-ci ilin mayında Z.Əliyev dünyasını dəyişib. Onun arzusu ilə məzarüstü daşına da “Qarabağ Azərbaycandır!” yazılıb. Tbilisidən Türkiyə sərhədinə gedən əsas magistraldan 150 metr məsafədə yerləşən bu məzarlıq indi çoxlarının ziyarət yerinə çevrilib.

İndi “Qarabağ Azərbaycandır!” sözünü isə təkcə Qarabağlar və Ferma kəndlərinin sakinləri deyil, ətraf kəndlərdə yaşayan soydaşlarımızla yanaşı gürcülər də deyirlər.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov çıxış edərək bu ölkədə yaşayan soydaşlarımızın Azərbaycan dövlətinə dəstəyindən bəhs edib, Kaspi rayonunda, eləcə də Qarabağlar və Ferma kəndlərində yaşayan soydaşlarımızın da dəstəyini xüsusi qeyd edib. Bildirib ki, əslən Şuşadan olan soydaşlarımızın bu addımı gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində mühüm əhəmiyyət kəsb edir.

Qarabağlar kəndinin axundu Pərviz Abdullayev deyib ki, Ziyəddin Əliyevin fədakarlığı, Azərbaycana olan sevgisi həqiqətən də gənc nəslin vətənpərvərlik ruhunun artmasında mühüm rol oynayır.
Bu xəbər oxucular tərəfindən 658 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed