Şrift:
Dünya çempionatında uğurla çıxış edən Yunan-Roma güləşçilərimiz Vətənə qayıdıblar
12.10.2021 [10:11] - Gündəm, İdman
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatında uğurla çıxış edən idmançılarımız oktyabrın 12-də Vətənə qayıdıblar.

Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Azərbaycan Güləş Federasiyasının, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, güləşçilərin yaxınları və jurnalistlər iştirak ediblər.

Çempionatda ölkəmizi Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) təmsil ediblər.

Millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə uğurlu çıxış edib. Belə ki, yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb.

Yarışda bütün rəqiblərini məğlub edən Rafiq Hüseynov (82 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) isə bürünc medal qazanıblar.
Bu xəbər oxucular tərəfindən 705 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed