Şrift:
Rafiq Hüseynov: İstərdim ki, bu nəticələr qarşıdakı yarışlarda bir daha təkrarlansın
12.10.2021 [10:12] - Gündəm, İdman
Azərbaycan dünya çempionatında böyük nəticələr qazandı. İstərdim ki bu nəticələr qarşıdakı yarışlarda bir daha təkrarlansın.

Bu sözləri Norveçdə keçirilən güləş üzrə dünya çempionatında qızıl medal qazanan idmançımız Rafiq Hüseynov jurnalistlərə müsahibəsində deyib.

Yarışda qazandığı uğurlardan danışan R.Hüseynov bildirib: “Nəticədən bəllidir ki yarış mənim üçün uğurlu keçib. Həmçinin komandamız üçün də bu yarış çox uğurlu oldu. Dörd ildən sonra biz yenidən dünya çempionatının qızıl medalını qazandıq. Bundan əlavə komandamız medal hesabında üçüncü yerə layiq görülüb. Bildiyiniz kimi, Rusiya, İran və Azərbaycan komandaları fəxri kürsüyə qalxdılar. Azərbaycanın Rusiya və İran kimi güclü komandalarla bir fəxri kürsüdə durmağı bizə böyük iftixardır. Bu yarışdır, təbii ki sevindirici və üzücü hallar da olur. Komanda yoldaşlarında mükafat qazananları təbrik edirəm. Yer tuta bilməyən güləşçilərimizə gələcək yarışlarda uğurlar arzuluyuram. Bundan başqa mən məşqçi və həkimlər heyətinə öz təşəkkürümü bildirirəm. Onların hər birinin bizim üzərimizdə böyük əməyi var".

Qeyd edək ki, millimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi ilə uğurlu çıxış edib. Belə ki, yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 107 xal toplayıb və komanda hesabında dünya üçüncüsü olub. Rusiya (152) birinci, İran (146) isə ikinci pillədə qərarlaşıb.

Yarışda bütün rəqiblərini məğlub edən Rafiq Hüseynov (82 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) isə bürünc medal qazanıblar.
Bu xəbər oxucular tərəfindən 703 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed