Şrift:
İndoneziya hökuməti 18 ölkədən gələn əcnəbi turistlər üçün Bali adasını açıb
14.10.2021 [09:48] - Xəbərlər, Sosial
İndoneziya hökuməti oktyabrın 14-də 18 ölkədən koronavirusa qarşı tam vaksin olunaraq gələn əcnəbi turistlər üçün Bali, Batam və Bintan adalarını açıq elan edib. Bu adalar əcnəbi turistlər üçün ötən ilin martından bağlanmışdı.

Bu barədə İndoneziyanın turizm və kreativ iqtisadiyyat naziri Sandiaqo Uno məlumat verib. Nazir bildirib ki, adalara ilkin olaraq Çin, BƏƏ, Yeni Zelandiya, Cənubi Koreya, Yaponiya və bəzi Avropa ölkələrinin vətəndaşları səfər edə bilərlər. Bu zaman nazir siyahıya hansı Avropa ölkələrinin daxil edildiyini qeyd etməyib.

“Ölkəyə yeni gələnlər beş gün ərzində xüsusi otellərdə yerləşdiriləcəklər. Dördüncü gün yeni test verənlərin cavabı mənfi olduğu təqdirdə, onlar istədikləri otelə köçə və adada sərbəst hərəkət edə bilərlər”, - deyə nazir bildirib. S.Uno, həmçinin qeyd edib ki, bu zaman hər bir turist 100 min dollar dəyərində sığorta almalı və Bali adasında qaldığı müddətdə yaşadığı yerin xərclərinin tam ödənməsi barədə sənəd təqdim etməlidir.

Nazirin sözlərinə görə, bununla yanaşı, turistlərin gəldiyi ölkələrin hökuməti Bali adasında yerləşən “Denpasar” beynəlxalq aeroportunadək xüsusi çarter reysləri təşkil etməlidir.

Qeyd edək ki, Bali adası yerli turistlər üçün artıq bir neçə aydır ki, açıq elan edilib. Hazırda adanın 4,4 milyon sakinindən təqribən 90 faizi koronavirusa qarşı vaksinin hər iki dozasını alıb.

Əlavə olaraq bildirək ki, hazırda İndoneziyada gündəlik yoluxma həddi orta hesabla 3 min nəfər təşkil edir. Pandemiyanın davam etdiyi bütün dövr ərzində burada ümumilikdə 4,2 milyon yoluxma halı qeydə alınıb və onlardan 142,8 mini həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 562 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed