Şrift:
Misirdə görkəmli şərqşünas-alim Aida İmanquliyevaya həsr olunmuş kitabın təqdimatı olub
19.10.2021 [09:48] - Gündəm, Mədəniyyət
Ölkəmizin Misirdəki səfirliyində şərqşünaslıq elminin Azərbaycanda və dünyada aparıcı xadimi, görkəmli şərqşünas-alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva haqqında “Məhcər ədəbiyyatında şərqşünasların əsərləri sırasında Aida İmanquliyeva nümunəsi” adlı kitabın təqdimatı olub.

Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə “Ərəb Mütəfəkkirləri Evi” nəşriyyatında ərəb dilində nəfis şəkildə çap olunmuş kitabın təqdimat mərasimini açan ölkəmizin Misirdəki səfiri Tural Rzayev Bakı Dövlət Universitetində müəllimi olmuş Aida İmanquliyevanın şərqşünaslıq elminə verdiyi töhfələrdən bəhs edib. O, həmçinin görkəmli alimin pedaqoji fəaliyyətindən, gənc şərqşünasların yetişməsində böyük xidmətlərindən danışıb. T.Rzayev vurğulayıb ki, Aida İmanquliyevanın elmi fəaliyyəti haqqında müqəddimə və üç fəsildən ibarət olan kitab onun qiymətli tədqiqatlarının öyrənilməsinə bir töhfə olacaq.

Kitabın müəllifi, professor Raşa Ğanim çıxışında qeyd edib ki, görkəmli şərqşünas-alimin “Yeni ərəb ədəbiyyatı korifeyləri” fundamental monoqrafiyasında ən yüksək peşəkarlıqla ərəb ədəbiyyatında modernləşmə cərəyanı təhlil olunub, məhcər ədəbiyyatı nümunələri dərinliyi ilə tədqiq edilib, ərəb ədiblərinin yaradıcılığında liberal meyllər və ənənəvi yaradıcılıq üslubuna xas olan əsərlərin xüsusiyyətləri araşdırılıb. Yetmişdən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva, həmçinin Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən “Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları” ixtisası üzrə müdafiə şurasının sədri olub. O, Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib. Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan görkəmli alim uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub.

Müəllif vurğulayıb ki, professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Bu kitabda ərəbdilli oxucular onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması üzrə tədqiqatları ilə tanış olacaqlar.

Sonda Azərbaycanın Misirdəki səfirliyi adından kitabın müəllifi Raşa Ğanimə təşəkkürnamə təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 670 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed