Şrift:
Cəbrayılda ermənilərin kəsdikləri 500 ildən çox yaşı olan Xan çinarı yenidən qol-budaq atıb
20.10.2021 [11:36] - Gündəm, Hadisə
Cəbrayıl sakinləri doğma şəhərlərindən danışarkən yaşı 500 ildən çox olan Xan çinarını xoş xatirələrlə yada salırlar. Xan çinarı öz möhtəşəmliyi ilə nəinki yerli sakinləri, eləcə də Cəbrayıla gələn qonaqları da heyran edərdi. Təbiətin möcüzəsi olan bu çinarın dibində suyu bum-buz olan qədim kəhriz də var idi. El arasında bura “Çinar kəhrizi” deyilirdi. İşğal etdikləri bütün ərazilərdə ekoloji terror törədən erməni işğalçıları Cəbrayıl şəhərindəki bu çinar ağacını da kəsiblər. Kəhriz isə bərbad hala salınıb, suyu quruyub.

Cəbrayıl şəhərindəki Çinar kəhrizində rayon sakini Mehman Hüseynovla həmsöhbət olub, onun xatirələrini dinləyib.

“Çinar kəhrizi biz cəbrayıllıların ən sevimli məkanı idi. Kəhrizin iki tərəfində pilləkənlər vardı. Pilləkənlərlə kəhrizə enib, buz kimi suyundan içərdik. Cəbrayıla gələn bütün qonaqlar da hökmən kəhrizin suyundan içərdilər. Kəhrizin yanındakı Xan çinarı isə yaraşığı, əzəməti, məğrur görkəmi ilə görənləri təəccübləndirir, şəhərimizə gözəllik verirdi. İnsanlar isti yay aylarında kəhrizin suyundan içib çinarın kölgəsində sərinləyərdilər. Əfsus ki, erməni işğalçıları kəhrizi dağıdıb, çinarı kəsiblər. Bu, biz cəbrayıllılara nə qədər ağır gəlsə də, nikbinik. Çünki artıq Cəbrayılımız işğaldan azad edilib. Əminik ki, tezliklə doğma şəhərimiz yenidən qurulacaq, kəhrizlərimiz bərpa ediləcək, buralar yenidən yaşıllaşacaq”, - deyə Mehman Hüseynov bildirib.

Ermənilərin kəsib apardıqları qədim Xan çinarı yenidən qol-budaq atıb. Bu, həm də rəmzi məna kəsb edir: qədim çinar torpaqların azad olunmasına sevinir, Cəbrayılın doğma sakinləri üçün darıxır. Çox keçməyəcək ki, düşmənin talan edib dağıtdığı Cəbrayıl şəhəri yenidən tikiləcək. İşğaldan əvvəl olduğu kimi, yenə də çinar ağacları Cəbrayıl şəhərinə yaraşıq verəcək.

Qeyd edək ki, Ermənistanın ekoloji terroruna məruz qalan ərazilərimizdən biri də Cəbrayıl rayonudur. Erməni işğalı dövründə Cəbrayıl rayonunun Hacılı kəndində yaşı 1600 və 700 il, Karxulu kəndində yaşı 200 il, Funqalı kəndində yaşı 900 il və 750 il, Horovlu və İşıqlı kəndlərində yaşı 500 ildən çox olan Şərq çinarları qorunurdu. Şəhər və kəndlərimizi, tarixi abidələrimizi dağıdan erməni vandalları təbiət abidələri sayılan Şərq çinarlarını da məhv ediblər. Təxminən 30 il ərzində ermənilər tərəfindən yeraltı və yerüstü sərvətlərimiz talan olunub, təbiətin “ağciyəri” hesab edilən ağaclar, təbiət abidələri, bulaqlar, kəhrizlər məhv edilib, bioloji müxtəlifliyə, regionun ekoloji durumuna ciddi ziyan vurulub.
Bu xəbər oxucular tərəfindən 1440 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed