Şrift:
Danimarkanın Vestas şirkəti dünyanın ən iri və ən güclü külək turbinini inşa edir
22.10.2021 [10:11] - Gündəm, İqtisadiyyat
Danimarkanın Vestas şirkəti dünyanın ən iri və ən güclü külək turbinini inşa edir.

Vestas tərəfindən inşa edilən yeni külək generatoru Avropanın ən böyük göydələnləri ilə müqayisə edilə biləcək boyda - 280 metr hündürlüyə malik olacaqdır.

Bir çox göstəriciləri ilə rekord qıran bu külək turbini Danimarkanın Osterild Yaşıl Enerji Test Mərkəzində quraşdırılacaq. Planlara görə, turbinin quraşdırılması 2022-ci ilin ikinci yarısına qədər başa çatacaq, qurğudan ilk elektrik enerjisinin isə həmin ilin dördüncü rübündə alınması gözlənilir. Vestas yeni turbinin göstəriciləri haqqında danışarkən bildirib ki, hər birinin uzunluğu 115,5 metr üç qanada sahib olacaq qurğuda rotorun diametri təxminən iki futbol meydanı ölçüsü qədər - 236 metr təşkil edəcək.

Gələcəkdə nəhəng külək turbininin hər il 80 giqabayt elektrik enerjisi istehsal etməsi nəzərdə tutulur ki, bu da 20 min evi elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir. İstehsalçı şirkət nümayəndələrinin fikrincə, belə böyük bir turbinin prototipinin quraşdırılması qlobal külək enerjisi sənayesində texnoloji yenilik və miqyas baxımından inkişafa səbəb olacaq.

Qeyd edək ki, Danimarka alternativ enerjinin istifadəsində daha əvvəl başlayan ölkə kimi, hazırda bu sahədə dünya liderlərindən biri olması ilə tanınır. 2020 -ci ildə külək və günəş enerjisi birlikdə Danimarkanın elektrik istehsalının yarıdan çoxunu təmin edib. Krallıq 2035-ci ilə qədər bu payı 84 faizə çatdırmağı qarşısına məqsəd qoyub.
Bu xəbər oxucular tərəfindən 868 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed