Şrift:
Azərbaycanlı tərcüməçi jurnalist beynəlxalq poeziya festivalında iştirak edib
28.10.2021 [10:41] - Gündəm, Mədəniyyət
Saxa Yakut Respublikasında keçirilən IV Beynəlxalq “Böyük qarın alqışı” poeziya festivalında araşdırmaçı və tərcüməçi jurnalist Aida Eyvazlı Göytürk də iştirak edib.

Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Kareliya, Tatarıstan, Xakasiya respublikalarından, eləcə də Murmansk, Kalujsk, Moskva vilayətləri və Moskva və Yakutsk şəhərlərini təmsil edən şairlər iştirak ediblər. 2013-cü ildən sonra ənənəvi hal alan “Böyük qarın alqışı” festivalı yakut Xalq şairi Natalya Xarlampyevanın rəhbərliyi ilə keçirilir. Bu ilki festival yakut xalqının klassik şairi Semen Danilova həsr olunub.

Festivalın açılışı münasibətilə Saxa Yakutiya Respublikasının Mədəniyyət və Mənəvi dəyərlər naziri Yuriy Kupriyanov iştirakçıları ilə birlikdə Semen və Safron Danilov qardaşlarının abidəsinin önünə çiçək dəstələri qoyub.

Qonaqları salamlayan nazir Yuriy Kupriyanov qeyd edib ki, festival hər il öz ətrafına dünyada sözə dəyər verən, sözü ilahi sayan şairləri və yazıçıları toplayır. O, həm də saxa-yakut xalqının zəngin ədəbiyyatı, klassik yazıçıların xalqın həyatında oynadığı mühüm roldan danışıb.

Daha sonra festivalın qonaqları ilə Şimali-Şərq Federal Universitetində görüş keçirilib. Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Nurqün Maksimov şair və tərcüməçilərə uğur diləyib. “Böyük qarın alqışı” festivalının ölkənin brendinə çevrildiyini, adətən bu bayram tədbirində 60-dan artıq ölkənin şair və yazıçısının, tərcüməçisinin iştirak etdiyini bildirib.

Daha sonra Saxa Yakut Respublikasının Prezidenti Aysen Nikolayevin beynəlxalq festivalın iştirakçılarına və qonaqlarına ünvanlanmış təbrik məktubu oxunub.

Xalq yazıçısı və festivalın təşkilatçısı Natalya Xarlampyeva tədbirin əhəmiyyətindən danışıb, dünyanın müxtəlif dillərində danışan, yazan şair və yazıçıların, tərcüməçilərin 2013-cü ildən bəri hər il bir araya gəlməyinin xalqların və ədəbiyyatların dostluğu sahəsində mühüm rol oynadığını bildirib. O əlavə edib ki, bu il pandemiya səbəbindən qonaqların sayı az oldu və tədbir onlayn rejimdə keçirilir. Ədəbiyyatsevərlər ölkədə və ölkənin xaricində festivalı onlayn şəkildə izləyirlər. Bu festival yenidən unudulmuş ədəbi əlaqələrin bərpasına kömək edir, yeni dostluqlar yaradır, sülhü və sevgini tərənnüm edir. Universitet tələbələri tədbirdə iştirak edən qonaqların və Semen Danilovun iştirakçılar tərəfindən tərcümə edilən şerlərini səsləndiriblər.

Festivalın ikinci günü isə Saxa Yakut Respublikasının Baş nazirinin müavini Sergey Mestnikov ilə görüş keçirilib. S.Mestnikov “Böyük qarın alqışı” festivalı nəticəsində Saxa -Yakut klassiklərinin əsərlərinin dünyanın bir çox dillərinə tərcümə olunmasının dövlətin təməl prinsipləri olduğunu bildirib. O, Platon Oyunski, Semen Danilov, Mixail Amosov və digər yakut şair və yazıçılarının əsərlərinin Azərbaycan, qırğız, macar, polyak, xakas, serb, monqol, qazax və sair dillərə çevrilməsini alqışlayıb.

Daha sonra festivalın iştirakçıları Sayat Kamşıger, Zəki Əlibəyov, Yelena Petilyaynen, Rafis Kurban, Ruzal Muxametşin, Natalya Axpaşeva, İlya Vinoqradov, Vadim Teryoxin, Boris Lukin xatirə hədiyyələri və diplomlarla təltif olunublar. Festivalın fəxri qonaqları Azərbaycandan Aida Eyvazlı Göytürk və qırğızsıtanlı Altunay Temirova Platon Oyunskinin əsərlərini tərcümə etdiklərinə görə Saxa Yakutiya Respublikasının Prezidenti Aysen Nikolayevin Sərəncamı ilə “Xalqlar arasında Sülh və Dostluq əlaqələrinin möhkəmləndirilməsinə görə” dövlət mükafatına layiq görülüblər. Mükafatı onlara Baş nazirin müavini Sergey Mestnikov təqdim edib.

Festivalın laureatı Aida Eyvazlı Göytürk qeyd edib ki, tədbir iştirakçıları Platon Oyunski adına ədəbiyyat muzeyində, Dövlət Rəsm Qalereyasında, Milli Kitabxanada görüşlərdə və poeziya gecəsində iştirak ediblər. Aida Eyvazlı Göytürk görüşlər çərçivəsində rəsmi dövlət nümayəndələrinə Zəfərimizdən bəhs edən kitabları, ABAD satış mərkəzində hazırlanan “Xarıbülbül” “Qarabağ” və “Şuşa”nı tərənnüm edən hədiyyələri və “Xarıbülbül” nişanını təqdim edib, eyni zamanda, Qarabağ Zəfəri barədə qonaqlara və festival iştirakçılarına geniş məlumat verib, Qarabağ və şəhidlərimiz haqqında yazdığı şerlərini səsləndirib.

Festival öz işini davam etdirir.
Bu xəbər oxucular tərəfindən 625 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed