Şrift:
Özbəkistan nümayəndə heyəti “ASAN xidmət”də
29.10.2021 [10:01] - Gündəm, Sosial
Özbəkistan Respublikasının Prezident Administrasiyasının İqtisadi Təhlil və İslahatlar Mərkəzinin direktoru Obid Hakimovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində görüşlər keçirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, əvvəlcə nümayəndə heyəti Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Qonaqlara Mərkəzin fəaliyyəti barədə təqdimat edilib, onların sualları cavablandırılıb.

Həmçinin “INNOLAND” mərkəzinin fəaliyyəti ilə tanışlıq həyata keçirilib.

“ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanışlıq zamanı qurumun yaradılması məqsədləri, həyata keçirilən xidmətlər barədə məlumat verilib.

Qonaqlar ASAN Radio, 108 Çağrı Mərkəzi, ASAN Təlim və Tədris Mərkəzi ilə tanış olublar.

“ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirən qonaqlar mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında Dövlət Xidmətləri Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən Özbəkistan Dövlət Xidmətləri Agentliyinin xidmət mərkəzlərinin fəaliyyətinin “ASAN xidmət” modeli əsasında təkmilləşdirilməsi nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed