Şrift:
Siyasi həmrəylik və milli birlik böyük qüvvədir
29.10.2021 [11:42] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Son 18 ildə həyata keçirilən daxili və xarici siyasət kursu Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına qaldırıb. Ölkədə aparılan genişmiqyaslı islahatlar özünü bütün sahələrdə büruzə verir. Dövlət başçısı İlham Əliyev 2018-ci il prezident seçkilərindən sonra, aprelin 18-də keçirilmiş andiçmə mərasimində islahatların yeni dalğasının anonsunu vermişdi. Qısa vaxtdan sonra ölkənin ictimai-siyasi-mədəni həyatının hər bir sahəsini əhatə edən çoxşaxəli islahatların yeni mərhələsi başlandı. Dövlət başçısı islahatlar modelindən söhbət açarkən demişdi: “Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik”. İslahatlar ölkədə fəaliyyət göstərən siyasi partiyaların fəaliyyətinə də öz təsirni göstərdi. Son zamanlar siyasi partiyalarla əməkdaşlıq xeyli gücləndirilib. Bunun nəticəsidir ki, siyasi həmrəylik və milli birlik yeni mərhələyə qədəm qoyub.

Söhbətləşdiyimiz siyasi partiya təmsilçiləri də bunu etiraf etdilər:

Fərəc Quliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri:

– Ölkəmizdə siyasi dialoqun can­landırılması, iqtidarın siyasi partiyala­rın fəaliyyətində dönüş yaradılmasına, demokratik prinsiplərin inkişafına xüsusi önəm verilməsindən irəli gəlir. Məlumdur ki, son illlər ölkəmizdə bütün sahələri əhatə edən islahatlara geniş meydan verilib. Siyasi dialoqun reallaşdırılması da bu islahatların bir qoludur. Dövlət başçısının sərəncamı ilə yaradılmış Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkədə aparılan islahatla­rın növbəti nümunəsi oldu. Yeri gəlmişkən, həmin şöbənin rəhbəri Ədalət Vəliyevin ilk gündən siyasi partiyalarla iş birliyi yaratmaq, habelə əməkdaşlığı genişləndirmək cəhdi öz bəhrəsini verdi. Bu baxımdan, mən kadr siyasətini də qiymətləndirirəm. Ondan sonra bütün siyasi partiyalarla sıx əlaqə yaradıldı, görüşlər keçiril­di, çoxdan yığılıb qalmış problemlər tədricən öz həllini tapdı.

Nəinki müharibə dövründə, hətta, müstəqillik tarixində də iqtidar- müxalifət dialoqu indiki kimi olmayıb. Rəhbərlik etdiyim partiya üzvləri dövlətçiliyimizin müdafiəsinə həmişə hazır olduqlarını bəyan ediblər. Hətta qadınlar şurası bu barədə bəyanat da qəbul edib. Fikrimcə, siyasi partiya­ların birlikdə imzaladıqları bəyanat milli birliyin bariz nümunəsidir. Dünya birliyi də şahid oldu ki, Azərbaycanda siyasi həmrəylik, milli birlik möv­cuddur. Vətənin dar günündə siyasi partiyalar Prezidentin ətrafında sıx birləşir və problemin aradan qaldırıl­masında birgə mübarizə aparırlar. Biz II Qarabağ müharibəsi başlananda da bunun şahidi olduq. Ötən il sentyabrın 27-də 50 siyasi partiya birgə bəyanat imzalayaraq, Ali Baş Komandanı dəstəklədiyini bildirdi. Bu birlik tarixi qələbəmizin qazanılmasında mühüm rol oynadı.

Bu həmrəylik həm ölkə daxilində, həm də xaricdə mühüm əhəmiyyət kəsb etdi. Həm düşmənlərimiz, həm də havadarları gördülər ki, Azərbaycanda iqtidarla müxalifət arasında siyasi həmrəylik var. Çətin məqamlarda xalq Prezidentin ətrafında sıx birləşir. Siyasi həmrəylik ön cəbhədəki hərbçilər üçün də xüsu­si önəm kəsb edirdi. Çünki cəbhədə düşmənə qarşı vuruşan əsgər və zabitlərimiz əmin idilər ki, arxa cəbhədə birlik, həmrəylik var. Daxili didişmə yoxdur. Onlar daha inamla, cəsarətlə vuruşurdular. Ona görə də xalqımız “Ən döyüşkən xalq” kimi tanındı. Hesab edirəm ki, milli birlik bütün uğurlarımızın rəhni oldu.

Postmüharibə dövrünün də müəyyən çətinlikləri, problemləri var. Dövlət başçımızın rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və abadlıq işlərinə start verilib. Hazırda regionda ge­niş abadlıq-tikinti işləri davam et­dirilir. Belə məqamlarda yenə də siyasi həmrəylik, milli birlik nümayiş etdirməliyik. Hesab edirəm ki, bundan sonra da ölkə Prezidenti ilə bir yerdə fəaliyyət göstərib qarşılaşdığımız problemləri birlikdə aradan qaldırma­lıyıq.

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV,

‘“Xalq qəzeti”
Bu xəbər oxucular tərəfindən 520 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed