Şrift:
Vyanada ötən il baş vermiş terror aktının birinci ildönümü dövlət səviyyəsində anılıb
03.11.2021 [09:50] - Gündəm, Sosial
Noyabrın 2-də Vyana şəhərinin mərkəzində yerləşən Rupert kilsəsində ötən ilin həmin günü baş vermiş terror aktının qurbanları anılıb.

Anım mərasimində dövləət başçısı Aleksander Van der Bellen, Federal Kansler Aleksander Şallenberq və hökumət rəsmiləri iştirak ediblər.

Federal Kansler Aleksander Şallenberq çıxışında bildirib ki, terror aktı nə qədər ağrılı hadisə olsa da, öz hədəfinə nail ola bilmədi. İnsanlar arasında nifrət və düşmənçilik toxumları səpməyə hesablanmış terror aktı Avstriya cəmiyyətində parçalanmaya gətirib çıxarmadı. Bu hadisə insanları bəşəri dəyərlər, həmrəylik və qarşılıqlı yardımlaşma kimi hisslər ətrafında birləşdirdi.

Mərasimdə çıxış edən digər natiqlər də terror qurbanlarının xatirəsini anıblar, onların yaxınlarının kədərinə şərik olduqlarını ifadə ediblər. Bildirilib ki, Vyanada və dünyanın başqa məkanlarında baş verən terror aktları cəmiyyət daxilində insanların daha həmrəy və sıx birləşməli olduğunu nümayiş etdirir. Vətəndaş cəmiyyəti bu yolla terrorizmin qarşısında diz çökmədiyini açıq şəkildə bildirməlidir.

Qeyd edək ki, ötən il noyabrın 2-də Vyana şəhərinin mərkəzində bir terrorçu dörd nəfərin ölümü və 20-dən çox şəxsin yaralanması ilə nəticələnən terror aktı törətmişdi. Polislə atışma zamanı zərərsizləşdirilmiş terrorçunun İŞİD təəssübkeşi olduğu bildirilsə də, açılan cinayət işinin araşdırmaları zamanı terrorçunun təkbaşına hərəkət etdiyi, ona əlavə kömək göstərən başqa şəxsin olmadığı müəyyən edilib
Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed