Şrift:
“Bütöv Azərbaycan davasının əsgərləriyik “ - YUBİLEY
21.12.2012 [14:45] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Gəncliyimizi yaşamağa, istirahət etməyə imkan olmadı”

“Kimlərdənsə “sağ ol” gözləmədən və bu gün də onu qəhrəmanlıq hesab etmədən millətə xidmət edən bir ömür yaşadıq”

“Onunla qürur duya bilirəm ki, vətəndaş ola bildim”

Dekabrın 22-də Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin 50 yaşı tamam olur. 50 illik həyatının müəyyən bir dövrü Milli Azadlıq Hərəkatına təsadüf edən Fərəc Quliyev Azərbaycan Milli Ordusunun ilk qaranquşlarından sayılan könüllü batalyonların yaradılmasının da təşkilatçılarından olub. 50 illik yubileyi ərəfəsində “OLAYLAR”-ın suallarını cavablandıran millət vəkili bu illər ərzində qazandığı və itirdiklərinə, həyatı boyunca buraxdığı səhVlərə qısa nəzər salıb.

-Fərəc bəy, arxaya dönüb baxdıqda hansı qənaətə gəlirsiniz? Bu illər ərzində Fərəc Quliyevin itirdikləri və ya qazandıqları nələr olub?

-Mən çox nadir hallarda arxaya baxıram, daha çox önə baxmağa çalışıram. Arxaya yalnız o hallarda baxmağa çalışıram ki, səhvlərimi görüm, keçmişimizə baxaq ki, gələcəyimizdə yalnışlar olmasın. Həm şəxsi, həm də ictimai həyatımda düşüncələrim həmişə belə olub, məsələlərə bu cür yanaşmışam. Taleyim, yaşadığım illər elə bir vaxta düşdü ki, bu Azərbaycanın ikinci dəfə müstəqilliyə qovuşması zamanı oldu. Təbii ki, mənim ömrümün ən şərəfli illəri müstəqillik aktının hazırlanması və ona səs verməyim olub. Azərbaycanın Milli Ordusunun qaranquşları olan ilk könüllü batalyonlarının yaradılmasının təşkilatçılarından biri oldum. Həmçinin sərhəd hərəkatında iştirak etdim və onun təşkilatçısı, ideoloqlarından biri oldum. Bu detalları ona görə xüsusi qeyd edirəm ki, həyatımın ən mənalı günləri bu mübarizə ilə bağlıdır. İtirilən dedikdə günlər baxımından səkkiz ilə qədər bir məhbəs həyatı yaşadıq. Kənardan baxanda kimsə bunu itirilmiş günlər kimi qəbul etsə də, mən bunu da ömrümün ən şərəfli səhifəsi hesab edirəm. Mən qanunsuz silahlı dəstə yaratmaqda ittiham edilərək həbs olunmuşam. Ancaq bu mənim şüurlu seçimim idi. Ya o zaman qanunu silahlı dəstələri olan və Xocalıda qırğın törədən 366-cı batalyona güvənmək lazım idi ki, milləti qırsınlar, ya da sovet qanunlarını pozub qanunsuz silahlı dəstələr yaradaraq milləti qorumaq lazım idi. Biz ikincini edərək məhbəsləri seçdik. Lakin orada da günümüz boş keçmədi. Məhbəs həyatım boyunca 5 kitab, onlarla məqalə yazdım. Elə bir şərait oldu ki, gəncliyimizi yaşamağa, istirahət etməyə imkan olmadı. Ancaq ömrümüz mənalı keçdi. Bütün bunlar itirilmiş deyil, məncə qazanılmış bir ömürdür və təvazökarlıqdan uzaq olsa da fərdi ömür deyil. Kimlərdənsə “sağ ol” gözləmədən və bu gün də onu qəhrəmanlıq hesab etmədən millətə xidmət edən bir ömür yaşadıq. Yalnız və o böyük bir qəhrəmanlıq olmasa da, utanc gətirən bir ömür də deyil.

“Millət üçün itirilənlərdə mütləq mənim də payım var”

-Qeyd etdiniz ki, adətən geriyə səhvlərə nəzər salmaq üçün baxırsınız. Fərəc Quliyevin bu illər ərzində səhvləri olubmu və o səhvlər nədən ibarətdir?

-Səhvsiz heç kim ola bilməz və kifayət qədər səhflər olur. Ancaq bəzən həmin səhvlərin anındaca aradan qaldırılması haqqında bəlkə də düşünə bilmirsən. Yaxud zaman keçdikdən sonra keçmişə baxaraq bunu qiymətləndirmək mümkündür. Düşünürsən bəlkə hansısa işlər görülsəydi daha başqa bir mənzərə yarana bilərdi. Ancaq sonrakı illərdə yaranmış mənzərədən nəticə çıxararaq onu təhlil etmək mümkün olur. Azərbaycanın ərazilərinin ermənilər tərəfindən işğalında bəlkə müəyyən tədbirləri görmək olardı və bunları niyə etmədik, nə üçün bu məsələlərdə təşəbbüs etmədim. Bəlkə də Azərbaycan Xalq Cəbhəsinin daha ciddi uğurlara imza atmaq imkanlarını arayarkən təvazökarlıq etdik. Mən dəfələrlə Əbülfəz Elçibəy tərəfindən hakimiyyətdə ən yüksək postlara dəvət edilmişəm. Hətta Naxçıvanda rəhmətlik Heydər Əliyev tərəfindən belə baş nazir postuna dəvət olunmuşam. Ancaq həmin təkliflərdən imtina etmişəm. İndi düşünürəm ki, bəlkə o zaman Əbülfəz Elçibəy, yaxud Heydər Əliyevin təkliflərini qəbul etməklə dövlətçilik baxımından daha ciddi kömək etmək imkanlarım vardı. Yaxud ermənilərin bu gün at oynatmasının qarşısını almaq üçün daha ciddi, radikal və başqa addımlar atmaq mümkün idi. Bəlkə cəmiyyətdə daha ciddi konsalidasiya imkanlarını axtarmaq lazım idi. O zaman təkcə mənim tərəfimdən deyil, bütün cəmiyyətdə siyasi təcrübəsizlik vardı. Çünki cəmiyyət 70 illik buxovdan çıxmışdı və siyasi plüralizmi normal qəbul edə bilmirdi. Mən qazanılanlarda mütləq öz payımı axtarmıram. Anacaq dövlət, millət üçün itirilənlərdə mütləq mənim də payım var deyə düşünürəm. Nə qədər xidmətimin olmasından asılı olmayaraq. O mənada mən özümü bu məsələlərdə təbii ki, səhfvsiz hesab etmirəm.

-Sizin həyatınızın müəyyən dövrü də Milli Azadlıq Hərəkatı illərinə təsadüf edib. Həmin illərdə apardığınız mübarizənin nəticəsi olaraq Azərbaycanın bu günkü inkişaf mərhələsinə gəlib çatacağına ümid edirdinizmi?

-İnsan inanmadığı hədəf uğrunda yarışmaz, döyüşməz. Biz bu gün də Əbülfəz Elçibəy tərəfindən hədəf kimi göstərilmiş Bütöv Azərbaycan davasının əsgərləriyik. Mənim üçün dava edən bir millətin əsgəri olmaqdan böyük status yoxdur. Prezident, millət vəkili və başqa statuslar da bundan kiçik hesab edilir. Çünki vətəndaş özünün yaşadığı dövrdə öz millətinin əsgəri olmaqdan böyük bir iş görə bilməz. Praktik bir deyim var ki, millətin ayağına enəndə millət onu başına qaldırır. Zorla millətin başına dırmananda isə millət onu başına qaldırıb yerə vurar. Biz millətin ayağına getməyi, onun qulluğunda durmağı şərəf hesab edirik. Biz bütün dönəmlərimizdəki mübarizəmiz, davamızda da yalnız bir şeyi düşündük, Azərbaycan xoşbəxt olsun. Ancaq təbii ki, biz davamıza inandıq və bu gün də tarixi, coğrafi ərazisində bir Bütöv Azərbaycan qurulacağına əminliklə inanırıq və ona görə davamızı aparırıq. Onu görüb-görməyəcəyimiz bizə fərq etməz. Bir ev qurulur, o evin kərpiclərindən birini də biz qoyaq. O dönəmdə də biz dava apararkən onun nəticələrinin nə olacağından asılı olmayaraq inanırdıq ki, Azərbaycan müstəqil olacaq. Ancaq onu görüb-görməyəcəyimiz təbii ki, sual idi. Taleyimiz elə gətirdi ki, Azərbaycanın müstəqilliyini gördük və dövlətin müstəqilliyini görməkdən böyük şərəf işi, xoşbəxtlik olmaz. O başqa məsələdir ki, biz millətimizin daha kamil, daha azad bir cəmiyyət olmasını, körpələrimizin daha yaxşı yaşamasını, insanlarımızın çöhrəsində daim sevinc olmasını istəyirik. Analarımızın göyərti satmasını yox, örpəyi başında nəvələrinə nağıl deyərək hər şeylə təmin olunmasını istəyirik. Həmçinin tələbələrimizin dövlətin hesabına dünyanın ən yaxşı yerlərində təhsil almasını, ordumuzun mükəmməl ordu olması, torpaqlarımızın azad edilməsini, dağıdılmış qəbirstanlıqlar, məhv olmuş məscidlərimizin bərpa edilməsini istəyirik. Bütün bunlar istəklərimizdir. Bu dövlət hamımızındır. Mən həmişə deyirəm ki, hər birimiz dünyamızı dəyişəndən sonra 5-10 kiloqram torpağa çevrilib Vətənə qarışırıq, Vətən odur. Vətən o insanların cismidir, ruhu Allahın yanında cisimləri burdadır. Yəni, Vətən biz özümüzük. Əlbəttə ki, biz Vətənimizi daha başqa cür görmək istəyirik. Ancaq kamilləşmə, təkamül, inkişaf daima getməlidir. İnanıram ki, Azərbaycan cəmiyyəti toparlanacaq və günün birində arzuladığımız Bütöv Azərbaycan olacaq. Bu gün yaşadığımız problemləırin aradan qaldırılması üçün təbii ki, böyük bir kütləvi fədakarlıq lazımdır. Bu fədakarlıq içərisində təbii ki, mən və mənim partiyamın iştirak etməsi şərəf işidir.

“Heç kimdən hədiyyə gözləməmişəm”

-Fərəc Quliyev təntənəli ad günləri keçirməyi sevirmi və 50 illik yubileyinizi hansı səviyyədə qeyd etməyi düşünürsünüz?

-Açığını deyim ki, indiyə qədər ad günü keçirməmişəm. Ancaq bu il mənim partiyamın 10 yaşı, mənim isə 50 yaşım tamam olduğu üçün partiya bir rəsmi tədbir keçirməyi qərarlaşdırıb. Partiyamız bir növ 50 illik hesabat tipli bir tədbir hazılayıb. Etiraz etməyimə baxmayaraq bu məsələdə mənim səsim nəzərə alınmadı. Açığı, ad günü keçirməyi xoşlamıram.

-50 yaşınız ərəfəsində kimlərdən hədiyyə və ya təbrik gözləyirsiniz?

-Dostlarla bir yerdə olanda, onların sevinclərini, məni yada saldıqlarını görəndə bu mənim üçün hər şeydir. Mən heç vaxt, heç kimdən hədiyyə gözləməmişəm. Elə indi də gözləmirəm. Sadəcə olaraq ya yaxşı, ya pis gündə insanlarla, dostlarla, millətlə bir yerdə olmaqdan xoş bir şey yoxdur. Mən daima xalqımın içərisində olmuşam və bundan sonra da onlarla bir yerdə olacam.



Süleyman İsmayılbəyli
Bu xəbər oxucular tərəfindən 1334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed