Şrift:
İltizam Yusifov: VIII Qlobal Bakı Forumu dünya iqtisadiyyatında yeni mənzərə yaradacaq
05.11.2021 [13:44] - Gündəm, İqtisadiyyat
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” VIII Qlobal Bakı Forumu dünya iqtisadiyyatına öz töhfəsini verəcək.

Bu fikri açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov söyləyib.

Onun sözlərinə görə Forum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə həyata keçirilən mötəbər tədbirdir: “Pandemiya hər bir ölkənin iqtisadiyyatına öz mənfi təsirlərini göstərib. Aradan keçən müddət ərzində iqtisadi sahədə artımlar müşahidə olunsa da bugünkü tələblərə cavab vermir. Artıq pandemiya təsirlərindən qurtulub nikbin iqtisadiyyata keçid etməyin zamanıdır. Bu baxımdan qlobal iqtisadi duruma öz müsbət təsirlərini göstərəcək təkliflərə ciddi ehtiyac var. Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunda çıxışı zamanı dünyada baş verən proseslərə biganə qalmamağın və beynəlxalq səylərə dəstək verilməsinin vacibliyini diqqətə çatdırıb”.

Gündəliyi zəngin olan Forumun əsas məqamlarına diqqət çəkən deputat Azərbaycan hökumətinin pandemiya dövründə atdığı addımların təqdir olunduğunu vurğulayıb: “Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa, İsrailin sabiq Baş naziri Ehud Barak və digərləri Azərbaycan təcrübəsindən yararlanmağın faydalarını diqqətə çatdırıblar. Bütün bunlar onu deməyə əsas verir ki, dünyanın hazır olmadığı pandemiya şəraitində Azərbaycanda düşünülmüş və uzaqgörən siyasət nəticəsində koronavirusla mübarizə effektiv təşkil olundu, eyni zamanda, iqtisadi məsələlər, aztəminatlı ailələrə yardımların təşkil olunması nəticəsində ölkəmiz pandemiyadan az təsirlə çıxan ölkələr arasındadır. Həyata keçirilən işlər nəticəsində Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi də Azərbaycana öz təşəkkürlərini ifadə edib”.

Hazırda gündəm mövzusu olan vaksinasiya məsələsində də Azərbaycanın örnək addım atdığını vurğulayan İ.Yusifov deyib: “Statistik məlumatlara görə, hazırda əhalinin 40 faizdən çoxu vaksinasiya olunub və bu proses davam edir. Dünya ölkələri arasında statistikaya nəzər yetirəndə bir çox ölkələrdə vaksinasiyanın 10 faizdən çox olmadığının şahidi oluruq. Bu isə dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, vaksinlərin ölkələr arasında bölüşdürülməsindəki ədalətsizliklə bağlıdır”.
Bu xəbər oxucular tərəfindən 822 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed