Şrift:
Mirzə Fətəli Axundzadənin əsərləri ilk dəfə macar dilində nəşr olunmuşdur
22.12.2012 [10:07] - Gündəm, Mədəniyyət
Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi münasibətilə dahi ədibin əsərləri ilk dəfə macar dilində nəşr edilmişdir.
“Mirzə Fətəli Axundzadə. Komediyalar və nəsr” adlanan kitaba böyük ədibin altı komediyası və “Aldanmış kəvakib” povesti daxil edilmişdir.Əsərləri orijinaldan azərbaycanşünas alim, Bakı Dövlət Universitetinin məzunu Mariya Keneşi çevirmişdir.
Ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev kitaba “Yeni Azərbaycan ədəbiyyatının banisi” adlı geniş müqəddimə yazmışdır. Burada Mirzə Fətəli Axundzadənin XIX əsr Azərbaycan və bütünlükdə türk-islam dünyasının ədəbi-mədəni və ictimai-siyasi həyatındakı böyük rolundan, onun çoxcəhətli yaradıcılığı ilə yeni ədəbiyyatın və milli dirçəlişin banisinə çevrilməsindən bəhs edilir.
Hazırda səfirlik böyük ədibin pyeslərindən birinin macar səhnəsində tamaşaya qoyulması üçün bu ölkənin teatrları ilə danışıqlar aparır.
Bu xəbər oxucular tərəfindən 1215 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed