Şrift:
9 Noyabr - Bayraq Günü: “Ac-susuz qalarıq, amma dövlətsiz qalmarıq” - Partiya sədri
10.11.2021 [11:26] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Hər il 9 noyabr Azərbaycanda Bayraq Günü kimi qeyd edilir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir.

Bayraq milli identikliyin təzahür formalarından biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir.

Qeyd edək ki, Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb.

1920-ci ilin aprel ayında AXC-nin süquta uğraması ilə üçrəngli bayraq da endirilib. Azərbaycan növbəti dəfə müstəqillik əldə etdikdən sonra 5 fevral 1991-ci ildə bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilib.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, bayraq bir simvoldur, hər bir dövləti onun bayrağı ilə tanıyırlar:


“Hər yerdə onun qaldırılır. Millət olmaq özünü təsdiqləmək üçün hələ əsas deyil, əgər onun bayrağı, dövləti yoxdursa. Şükürlər olsun ki, bizim dövlətimiz var. Biz millət olaraq zaman-zaman sübut etmişik ki, ac-susuz qalarıq, amma dövlətsiz qalmarıq.

Bayrağı qaldırmaq isə bizə asan başa gəlməyib. Bu, həm də bir millətin mübarizə simvoludur. Bayraq təkcə simvol olduğu üçün yox, onun yolunda minlərlə şəhid verildiyi üçün dəyərli olur.

Ordular döyüşəndə onun bayrağı ələ keçirilirsə, o hissə məğlub sayılır. Sizin vasitənizlə mən də Azərbaycan xalqını Bayraq Günü münasibəti ilə təbrik edirəm! Bayrağımız hər zaman uca olsun! Bizim bayrağımız əməkdaşlıq bayrağıdır. Biz heç bir ölkənin ərazisini işğal edib ora bayraq sancmırıq. Biz öz torpaqlarımızı işğaldan azad etdik və ora bayrağımızı sancdıq.

Azərbaycanın Müstəqillik Aktında bir bənd var ki, suverenlik bütün ərazilərə şamil olunur. Arzu edirəm ki, bütün Azərbaycan torpaqlarında bayrağımız dalğalansın”.

Vilayət Muxtar/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 528 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed