Şrift:
Sandro Teti: Bu kitab Şuşanı İtaliya ictimaiyyətinə daha yaxından tanıdacaq
11.11.2021 [10:47] - Gündəm, Mədəniyyət
“Sandro Teti Editore” nəşriyyat evində italyan dilində çapdan çıxan “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” kitabı Şuşanın İtaliya ictimaiyyətinə daha yaxından tanıdılması baxımından əhəmiyyətli nəşrdir.

Bu sözləri müsahibəsində İtaliyanın “Teti Editore” nəşriyyat evinin rəhbəri, politoloq Sandro Teti söyləyib.

Azərbaycan, ümumilikdə, türk mədəniyyətinə, ölkəmizin multikulturalizm və tolerantlığının xüsusiyyətlərinə rəğbət bəslədiyini qeyd edən Sandro Teti deyib: “Hər iki ölkənin tədqiqatçılarının birgə əməyinin bəhrəsi olan bu kitab Azərbaycanın mədəniyyət incisi sayılan Şuşanın incəsənət və mədəni irsinin İtaliyada təşviqinə xidmət edəcək”.

Mədəni irsin öyrənilməsi və beynəlxalq səviyyədə təşviqi məqsədilə tez-tez Azərbaycana səfər etdiyini xatırladan italiyalı naşir ölkəmiz haqqında nəşr olunmuş çoxsaylı kitabların, o cümlədən azərbaycanlı müəlliflərin italyan dilinə tərcümə edilmiş əsərlərinin Azərbaycan mədəniyyətinin İtaliyada tanıdılması işinə böyük töhfə verdiyini deyib: “Sevindirici və qürurverici haldır ki, “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” kitabı da ölkənizin mədəniyyətini, ədəbi irsini təşviq edən nəşrlərdəndir.

Təsisçisi olduğum nəşriyyat evində çapdan çıxan kitablar tematikası, yayımı, yüksək çap səviyyəsi ilə fərqlənir. Fəaliyyətimizin əhəmiyyətli tərkib hissəsini tərcümə əsərləri təşkil edir və şadam ki, həmin nəşrlərdən biri də “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” kitabıdır. Biz xarici ölkə müəlliflərinin əsərlərini alim-tərcüməçilər tərəfindən yüksək peşəkarlıqla tərcümə edirik və əsərlər orijinala daha yaxın olur. “Sandro Teti” nəşriyyatında gələcəkdə Azərbaycanla bağlı bir sıra kitabların çap olunması nəzərdə tutulur”.
Bu xəbər oxucular tərəfindən 607 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed