Şrift:
Vətən müharibəsində qəhrəmancasına həlak olmuş sərhədçilərin anım tədbirləri keçirilib
11.11.2021 [10:51] - Gündəm, Sosial
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində qəhrəmancasına həlak olmuş sərhədçilərin anım tədbirləri keçirilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildiriblər ki, gizir Əliyev Rüfət Füzuli oğlu, kiçik gizirlər Quluzadə Orxan Elxan oğlu, Şükürov Alim Davud oğlu, Qasımov Mirağa Hafis oğlu, əsgərlər Quliyev Mehtab Ənvər oğlu və Qalayçıyev Faiq İsrafil oğlunun anım mərasimlərində DSX-nin rəhbər vəzifəli şəxsləri, rayon icra hakimiyyətlərinin və hüquq-mühafizə orqanlarının rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimlərdə şəhidlərin məzarları ziyarət edilib, üzərilərinə gül çələngləri qoyulub.

Anım mərasimlərinə qatılanlar qəhrəman şəhidlərin sərhədçi andına və şərəfinə sadiq qalaraq Vətən müharibəsinin ilk günündən döyüş meydanında şücaət və fədakarlıq nümayiş etdirdiklərini, qarşıya qoyulan döyüş tapşırıqlarını qanları və canları bahasına yerinə yetirərək şəhadət zirvəsinə ucaldıqlarını bildiriblər.

Vətən müharibəsində həlak olmuş şəhidlərimizin qanının yerdə qalmadığı, intiqamlarının döyüş meydanında alındığı, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzün bərpa olunduğu, xalqımıza qalibiyyət sevinci yaşatmış şəhidlərimizin əziz xatirəsinin hər zaman minnətdarlıqla anılacağı vurğulanıb.

Şəhidlərin ailə üzvləri göstərilən diqqətə görə minnətdarlıq bildirib, torpaqlarımızın azad edilməsi uğrunda həlak olan qəhrəmanların xatirələrinin əbədiləşdirilməsi, ailələrinin ziyarət edilməsinin dövlətimizin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi yüksək qayğının, şəhidlərə ifadə edilən ehtiramının göstəricisi olduğunu bildiriblər.
Bu xəbər oxucular tərəfindən 573 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed