Şrift:
Fərəc Quliyev: Türk regionunda möhtəşəm hadisələr baş verir
13.11.2021 [21:32] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Türkdilli dövlətlər bir-biriləri üçün tariflər xaric bütün əngəlləri aradan qaldırmalıdır".

Bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan qeyd edib ki, türkdilli dövlətlərin bir-birilərilə cəmi ticarəti 20 milyard dollardır ki, bu da digər ölkələr ilə aparılan cəmi ticarətin 0,3%-nə bərabərdir. Bu nisbət ən azı 10%-ə çatdırılmalıdır.

"Quru, hava və dəniz yolları ilə bir-bizimizə bağlanmasaq istənilən nəticələrə nail ola bilmərik. Tranzit keçid sənədləri artıq gündəmdən çıxarılmalı, gömrüklərimizi uyğunlaşadırmalı, geçid haqlarını rəqabətli səviyyəyə endirməliyik. Yükdaşımada Xəzər dənizdən keçməklə beynəlxalq Qərb-Şərq kolidorunu inkişaf etdirməliyik. Azərbaycan-Naxçıvan bağlantısı da burada həyati əhəmiyyət daşıyır", - Ərdoğan bildirib. Qeyd edək ki, Türkiyə Prezidenti bu açıqlaması ilə Azərbaycanın türk dünyası üçün əhəmiyyətini bir daha diqqətə çatdırıb.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, türk regionunda möhtəşəm hadisələr baş verir:

“Uzun illərdir Turan və türk dünyasının birliyi haqında danışanda, bizə qarşı çox böyük təpki olurdu. Mən özüm 1998-ci ildə “Yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və rolu” adlı kitabımda Kontinental Turan Avrasiya Blokunu modelləşdirdim. Təklifimin mahiyyəti bu idi ki, biz nə Avropa İttifaqına girmək üçün növbədə durmalıyıq, nə də öz yerimizi KTMT və ya MDB-də axtarmalıyıq. Yəni xristian dəyərlərinə söykənən Avropa İttifaqı əvəzinə islam fəlsəfəsinə və türk ənənələrinə söykənən birlik qurmalıyıq. Artıq zaman gəlib ona çatdı ki, bu gün Azərbaycan, Türkiyə və digər türk dövlətləri özlərinin təhlükəsizliyini ciddi şəkildə bu birliyin qurulmasında görürlər. Düşünürəm ki, artıq Turan Evi qurulur. Hətta Türk Dövlətləri Təşkilatında Macarıstan da iştirak edir və bu, çox böyük bir məna kəsb edir.

Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, artıq Azərbaycanın bu birlikdə çox böyük əhəmiyyəti var. Həm Avropa və Asiyanın qovşağında dayanan bir dövlət, həm də Qərb-Şərq yolunun üzərində olan ölkə kimi Azərbaycan olduqca strateji bir əhəmiyyətə sahibdir. Eyni zamanda, Azərbaycan Qafqazda yeni reallıqlar yaradan bir dövlət kimi öz sözünü deyib. Həmçinin, Türkiyənin də dünya gücünə çevrildiyini nəzərə almaq lazımdır. Azərbaycan və Türkiyənin rəhbərliyi altında digər türk dövlətləri ilə çox ciddi təhlükəsizlik evi yaradılır”.

Partiya sədrinin fikrincə, çox sevindirici haldır ki, artıq uzun illərdir pillə-pillə qurulan bu birlik son mərhələsinə çatmaq üzrədir:

“Ümumiyyətlə, bu, heç kimi təhdid edən bir blok deyil. Sadəcə ərzaq, iqtisadi, ekoloji və siyasi təhlükəsizlik üçün və hərbi baxımdan dövlətlər bir araya gəlir. Hətta bunun alternativi yox idi. Düşünürəm ki, cənab Ərdoğanın dediyi fikirdə tamamilə haqlıdır. Bu yeni birlik dünyaya yeni töhvələr vermək əhəmiyyətinə malikdir. Həmçinin, Zəngəzur dəhlizinin açılması ilə birlikdə bölgədə sabitlik yaranacaq və düşmənçilik aradan qalxacaq.

Fransa, Almaniya və Ukrayna xəttinin ardından böyük bir “türk zolağı” yaranır. Bu “türk zolağı” bəşəriyyətin ən təhlükəsiz xətti kimi çox böyük əhəməiyyətə malik olacaq. Çünki artıq hər kəs etiraf edir ki, dünyanın siyasi mərkəzi Avropadan Orta və Uzaq Şərqə transfer olunur. Üstəlik, bu tranfer yolu da Azərbaycanın üzərindən keçir. Hazırkı proseslər yeni dünya düzənin doğuş sancılarıdır. Bu isə dünya siyasətində türk elementinin qələbəsi deməkdir. Təbii ki, biz buna sevinirik”.

Elmir/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 870 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed