Şrift:
Azərbaycan millisi 2021-ci ildəki sonuncu oyununu heç-heçə ilə başa vurub
15.11.2021 [10:26] - Gündəm, İdman
Futbol üzrə Azərbaycan millisi ilə Qətər yığması arasında keçirilən yoldaşlıq oyununda qalib müəyyənləşməyib.

Noyabrın 14-də Bakı Olimpiya Stadionunda təşkil olunan oyunda millimizin heyətində meydana Emil Balayev, Qara Qarayev, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Emin Mahmudov, Mahir Emreli, Ramil Şeydayev, Anton Krivotsyuk, Filip Ozobiç və Höccət Haqverdi çıxıblar.

Qətər yığmasının ilk on birliyində isə Meşaal Barşam, Abdelkarim Hassan, Məhəmməd əl-Bayyati, Tarek Salman, Abdulaziz Hatem, Ahmed Alaeldin, Karim Budiaf, Xidir, Bualem Xuxi, Almoez Əli və Assim Madibo yer alıblar.

Litvalı FIFA referisi Donatas Rumşasın idarə etdiyi oyunda hesabı Qətər millisi açıb. Görüşün 23-cü dəqiqəsində Almoez Əli fərqlənib. Qarşılaşmanın 37-ci dəqiqəsində Emin Mahmudov rəqib qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirməklə hesabı bərabərləşdirib.

İkinci hissəyə daha fəal başlayan yığmamız matçın 67-ci dəqiqəsində hesabda önə çıxıb. E.Mahmudov baxımlı qolla dubla izma atıb. Görüşün 78-ci dəqiqəsində qətərli futbolçu A.Əli dubl edərək hesaba tarazlıq gətirib. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.

Beləliklə, Azərbaycan - Qətər oyunu 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu, Azərbaycan seçməsinin 2021-ci ildəki sonuncu oyunu olub.

Komandalar bu oyunadək 3 dəfə yoldaşlıq görüşündə üz-üzə gəliblər. 2013-cü ildə Qətərin paytaxtı Dohada baş tutmuş qarşılaşma 1:1 hesablı heçə-heçə ilə yekunlaşıb. Dörd il sonra eyni şəhərdə keçirilmiş ikinci matçda Azərbaycan millisi rəqibini məğlub edib - 2:1. Bu il martın 27-də Macarıstanın Debretsen şəhərindəki görüşdə isə Qətər yığması eyni hesabla qalib gəlib.

Qeyd edək ki, Qətər millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edir.
Bu xəbər oxucular tərəfindən 665 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed