Şrift:
Musa Bərzin Xəlifəlu: «Güney Azərbaycanda həbsə alınan milli fəallar heç bir dəlil və sübut olmadan mühakimə edilirlər»
24.12.2012 [14:09] - Müsahibə, Güney Azərbaycan-Təbriz
«Urmiya gölüylə bağlı keçirilmiş aksiyalarda 700 nəfər tutulub»

Son günlər Güney Azərbaycanda milli fəalların yenidən həbsinə başlanılıb. Tutulanların əksəriyyəti Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılmasıyla bağlı keçirilmiş aksiyalarda və ya müzakirələrdə iştirak etmiş milli fəallardır. Belə ki, dekabrın 8-dən başlayaraq bir neçə tanınmış fəal — Mehdi Həmidi Şəfiq, Həsən Ərk, Əhməd Riyazi Mübarək, Əzizullah Purvəli, Mehdi (Elman) Nuri və Abbas Nəzəri yenidən həbs edilib. Mehdi Həmidi Şəfiq dekabrın 8-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin («Ettelaat») əməkdaşları tərəfindən Təbrizdəki evində tutulub. Ötən il sentyabrın 2-də Urmiya gölüylə bağlı keçirilmiş etiraz aksiyasında həbs edilən azərbaycanlı fəal hakimiyyət əleyhinə fəaliyyət göstərməkdə və ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılıb. Zəmanətlə müvəqqəti azadlığa buraxılan və məhkəməsi keçirilən Mehdi Həmidi Şəfiq 21 ay azadlıqdan məhrum edilib. Dekabrın 10-da isə başqa bir tanınmış azərbaycanlı fəal Əhməd Riyazi Mübarək həbs edilib. O, 9 aylıq həbs cəzasını çəkməsi üçün Təbriz həbsxanasına salınıb. Əhməd Riyazi Mübarək 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Urmiya gölündəki ekoloji fəlakəti müzakirə edərək çıxış yolu axtarmaq üçün toplanmış digər azərbaycanlı fəallarla birgə həbs edilib. Onun evində axtarış aparıb, azərbaycanlı fəala məxsus bir çox şəxsi əşya, CD, kompüter və kitablar müsadirə olunub. Bundan başqa, həmin gün daha bir tanınmış azərbaycanlı fəal Əzizullah Purvəli həbs olunaraq Təbriz həbsxanasına salınıb. Azərbaycanlı fəal 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində həbs olunanlardandır. Eyni zamanda başqa bir tanınmış azərbaycanlı fəal Mehdi (Elman) Nuri də həbs olunaraq Təbriz həbsxanasına salınıb. Eyni zamanda 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində həbs olunmuş digər azərbaycanlı fəallar — Cəmşid Zarei, Tağı Sələhşur və Vahid Şeyxbəylidən də Təbriz həbsxanasına gəlib təslim olaraq həbs cəzalarını çəkmələri tələb olunub.
Xatırladaq ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kvadrat kilometr olan Urmiya gölünün 70 faizi tamamilə quruyub və şoranlığa çevrilib. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Hazırda Urmiya gölündə hər 1 litr suda 400 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir. İran prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunmuşdu. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması planlaşdırılır. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. Son illərdə Urmiya gölü rayonunda 17 su bəndi tikilib, gölün şərqindən qərbinə uzanan və gölü iki yerə bölən torpaq keçid tikilib. Mütəxəssis ekoloqların sözlərinə görə, bu, gölün qurumasının əsas səbəbidir, nəticədə göl bəzi yerlərdə on kilometrlərlə quruyub və səviyyəsi 6 metr düşüb. BMT-nin Ətraf Mühit Proqramı 2012-ci il martın 19-da Urmiya gölünün qurumasının ekoloji sonucları barədə xəbərdarlıq edib və bildirib ki, 1995-ci ildən 2011-ci ilə kimi göldə suyun səviyyəsi 7 metr düşüb, kosmosdan çəkilmiş şəkillərə görə isə gölün səthinin sahəsi 6100 kv. km-dən 2366 kv. km-ə qədər azalıb.
Güney Azərbaycandakı son həbslərlə bağlı «Amerikanın Səsi» teleradiosu hazırda Türkiyədə siyasi mühacir həyatı yaşayan azərbaycanlı fəal, vəkil Musa Bərzin Xəlifəludan müsahibə alıb. Soydaşımız Güney Azərbaycanda yaşadığı müddətdə bir çox milli fəalı məhkəmələrdə müdafiə edib. Həmçinin Urmiya gölünün xilası üçün 2011-ci il avqustun 24-də bir yerə toplaşaraq müzakirələr aparan və bunun üçün də həbs edilən 29 fəaldan biridir.
- Güney Azərbaycanda 29 azərbaycanlı fəalın həbs səbəbi nə idi?
- Bildiyiniz kimi, Urmiyanın xilas edilməsi üçün İran parlamentində bir təklif irəli sürüldü. Lakin səsvermədə həmin təklif qəbul edilmədi. Bu millətimiz arasında narazılığın daha da artmasına səbəb oldu. 29 milli fəal bir yerə yığılaraq elə bu məsələni — Urmiya gölünün qurudulmasının qarşısının alınması yollarını müzakirə edirdi. Mən də həmin toplantıda iştirak edirdim. Biz düşünürdük ki, məsələylə bağlı beynəlxalq təşkilatlara müraciət edək, əhali arasında bildirişlər paylayaq və s. Elə bu haqda müzakirələr aparırdıq ki, İranın hüquq-mühafizə orqanlarının əməkdaşları içəri basqın edərək hamımızı həbsə aldılar.
- Bu həbslə bağlı yazdığınız məqaləni internetlə də yayıbsınız. Azərbaycan mətbuatında da həmin yazınız dərc olunub. Məqalədə qeyd edibsiniz ki, 29 milli fəalın həbsində qanunsuzluqlara yol verilib. Konkret hansı qanunsuzluqlar oldu?
- Milli fəalların həbs günündən indiyədək həmin qanunsuzluqlar davam edir. Bir neçə dostumuzu yenidən həbs etdilər. Beynəlxalq və İranın yerli qanunlarına görə, həbs zamanı vətəndaşa order təqdim edilməlidir. Ancaq 29 nəfəri həbs edəndə heç bir sənəd göstərmədilər. Sonralar isə ümumiyyətlə heç bir order olmadığını öyrəndik. Həbs zamanı vurmaq, təhqir etmək, hədələmək qanuna ziddir. Lakin bu halların hamısını yaşadıq. Hətta istintaq zamanı bizi gözü bağlı dindirirdilər ki, bu da qanunsuz haldır. Məhkəmə proseslərində bizə qarşı irəli sürülən ittihamları təsdiqləyən heç bir dəlil yox idi. Buna baxmayaraq, sübutsuz-dəlilsiz milli fəallara həbs cəzası verildi. Bu da qanunaziddir. Hətta 29 milli fəalın işini üç yerə böldülər və iki ittiham irəli sürdülər. Onlardan biri ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərmək, digəri isə rejim əleyhinə təbliğat aparmaq idi. Bu ittihamları təsdiqləyən dəlil olmadan milli fəallar barəsində cəza çıxarıldı. Halbuki insnaların bir yerə yığışıb hansısa mövzu haqqında müzakirə aparması qanunsuz hal deyil. Cinayət tərkibi olmayan əmələ görə cəzalandırmağın özü də qanunsuzluqdur.
- Milli fəallara verilən hökmlərin surətini də çıxarıb yazdığınız məqaləyə əlavə etmişdiniz. Mən özüm də oxudum. Orada yazılmışdı ki, həbs edilənlər bir evə yığışaraq Urmiya gölü haqqında söhbət ediblər və «Traktor» oyunlarında azarkeşləri şüar səsləndirməyə çağırmaqla bağlı da danışıblar. İran qanunlarına görə, bu iki əməl — müzakirə aparmaq və şüar verməyə təşviq etmək cinayətdirmi?
- İran qanunlarına görə, cinayət deyil. İnsan əqidəsində azaddır. Ola bilər ki, kimsə milli təhlükəsizliyə qarşı düşüncədə olsun və bu fikirləri başqalarıyla bölüşsün. Bu onun əqidəsidir. İran qanunlarına görə də bu hal cinayət tərkibli hesab edilmir. Lap tutaq ki, 29 milli fəal bir yerə yığışaraq İranın milli təhükəsizliyinə qarşı fikirlər səsləndiriblər. Bu, qanunsuz hərəkət deyil. «Traktor» oyunlarında şüar məsələsinə, mən şəxsən həmin söhbətdə iştirak etdiyim üçün deyə bilərəm ki, belə bir danışıq olmayıb. Əgər belə bir şey baş vermiş olsaydı da, insanları şüar səsləndirməyə təşviq etmək cinayət işi deyil. Lakin İran məhkəmələrinin müstəqil olmadığı məlumdur. Onlar hüquq-mühafizə orqanlarının qeyri-rəsmi şəkildə tabeçiliyindədir. Məhkəmələrə hansı əmr verilirsə, onu da yerinə yetirirlər. Məsələn, filan fəala filan cəza verilməlidir tapşırığını verirlər, hakim də həmin hökmü çıxarır. İradələri və qərarları öz əllərində deyil.
- Siz bir çox azərbaycanlı fəalı məhkəmədə müdafiə edibsiniz. Bu baxımdan onların işiylə də tanışsınız. Nə üçün milli fəallara qarşı eyni ittihamlar — ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və rejim əleyhinə təbliğat aparmaq irəli sürülür?
- İran qanunlarına görə, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq 12 ittihamdan ibarətdir. Təbliğat aparmaq, casusluq etmək, təhlükəsizliyə qarşı qrupa üzv olmaq, təhlükəsizliyə qarşı gizli anlaşmaya qoşulmaq və s. Bu, 4-5 ittiham demək olar ki, həbs edilən əksər milli fəallara qarşı irəli sürülür. Bir məsələni xüsusi olaraq qeyd etmək istəyirəm. Urmiya gölünün qurudulmasına etiraz olaraq Güney Azərbaycanda aksiyalar keçirildi. Həmin etirazlar zamanı xeyli sayda milli fəalımız həbs olundu. Mən siyahı tərtib etmişəm. Siyahıma görə, Urmiya gölüylə bağlı keçirilmiş aksiyalarda 700 nəfər həbs edilib. Onların bir neçəsi zəmanətlə məhkəməyə qədər müvəqqəti azadlığa buraxılıblar, bir neçəsi həbsdə saxlanılıb, bir neçəsinin isə məhkəməsi keçirilərək həbs cəzasına məhkum ediliblər. Son günlərdə yenidən həbs edilənlərin işi də Urmiya gölüylə bağlıdır. Onlardan Mehdi Həmidi Şəfiqin, Həsən Ərkin, Əhməd Riyazi Mübarəkin, Əzizullah Purvəlinin adlarını çəkmək olar.
- Bu saydığınız milli fəallar həbsdə nə qədər qalacaqlar?
- Mehdi Həmidi Şəfiq 27 ay, qalanları isə 2 il həbs cəzasına məhkum ediliblər. İki ilin bir ili isə şərtidir.
- Mehdi Həmidi Şəfiqə təhsilini davam etdirməsinə də qadağa var?
- Bəli, doğrudur. İranda siyasi fəaliyyətlə məşğul olan tələbələr «ulduz»lu tələbələr hesab olunur. Onlara təhsillərini davam etdirmək və doktoranturada oxumaq qadağandır. Mehdi Həmidi Şəfiq imtahan verərək doktoranturaya qəbul olmuşdu. Lakin İran hüquq-mühafizə orqanlarından telefonla zəng edib demişdilər ki, sənə orada oxumağa imkan verməyəcəyik və s. Elə dedikləri kimi də oldu. Mehdi Həmidi Şəfiqin təhsilini yarımçıq qoydular. Bu, İranda milli fəal olan tələbələrin qarşılaşdığı haldır.
Turqut
Bu xəbər oxucular tərəfindən 1249 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed