Şrift:
Fərəc Quliyev:İrəvana Zəngəzur dərsi: “Gec-tez imzalayacaq”
18.11.2021 [23:32] - Xəbərlər, Siyasət, Qərbi Azərbaycan-İrəvan, Özəl xəbər, Fərəc Quliyev
Ermənistanın Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinin açılması barədə sənədi imzaladığı iddia olunur.

Bu barədə Ermənistanın pastark.am saytı yazıb.

Nəşr qeyd edir ki, məhz sənəd imzalandıqdan sonra döyüş əməliyyatları dayandırılıb.

Qeyd edək ki, Zəngəzur dəhlizinin açılmasını 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli Bəyanat tələb edir. Məlum məsələdir ki, bu, gec-tez yerinə yetirilməlidir. Lakin Ermənistan rəhbərliyi müxtəlif bəhanələr və təxribatlara əl ataraq artıq 1 ildir ki, Bəyanatı icra etmir. Düzdür, son zamanlarda Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı müsbət fikirlər səsləndirsə də, daxili təzyiqlərə tab gətirə bilməyərək daim geri addım atır. Bu isə Azərbaycan tərəfinin haqlı qəzəbinə səbəb olur. Görünən odur ki, kapitulyasiya aktına gizlin şəkildə imza atan Nikol Paşinyanın məhz Zəngəzur dəhlizi məsələsində də oxşar addım atacaq.

Ümumiyyətlə, erməni mətbuatının bu iddiaları nə dərəcədə həqiqəti əks etdirir?

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda bunlar sadəcə iddiadır və öz təsdiqini tapmayıb:

“Lakin əvvəl-axır Paşinyan o sənədi imzalamalıdır, çünki bununla bağlı üçtərəfli Bəyanatın müddəaları var. Bəyanatın 4-cü və 9-cu bəndlərinə hələ də əməl olunmayıb. Məhz 9-cu bənd dəhliz və kommunikasiya ilə bağlıdır. Əslində, bu məsələ çoxdan həll olunmalı idi. Ermənilər son zamanlar müəyyən təxribatlara əl ataraq onu yenə də ləngitməyə çalışırdılar. Buna baxmayaraq, Azərbaycanın tərəfinin cavab tədbirlərindən sonra bir daha onlara məlum olub ki, heç bir şəkildə bu sənədi imzalamaqdan qaçmaq mümkün deyil.

Hətta bir dəfə Nikol Paşinyan özü də etiraf etmişdi ki, üçtərəfli Bəyanatın sənədini cırıb ata bilərik, amma bunun bədəlini ödəmək lazımdır və erməni cəmiyyətindən də alternativ təklif mövcud deyil. Ona görə də indiki şəraitdə Ermənistanın başqa çıxış yolu da yoxdur. Düşünürəm ki, Paşinyan ən yaxın müddətdə Zəngəzur dəhlizinin açılması ilə bağlı sənədi imzalayacaq”.

Elmir/Cebhe.info

Bu xəbər oxucular tərəfindən 17468 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed