Şrift:
Monteneqro vətəndaşı olmaq istəyən əcnəbilərin sayı ilbəil artır
23.11.2021 [11:05] - Gündəm, Sosial
Adriatik dənizi sahilində təbii gözəllikləri ilə seçilən Monteneqroda əcnəbilərə müəyyən investisiya yatırmaq şərti ilə vətəndaşlıq verilir. Avropa İttifaqına üzv olmasa da, avronun valyuta kimi istifadə edildiyi ölkədə vətəndaşlıq əldə etmək üçün yatırılacaq investisiyanın məbləği bölgələrə görə dəyişir.

Monteneqroda 2019-cu ildən həyata keçirilməyə başlanılan investisiya proqramı çərçivəsində əcnəbilərin bu ölkənin vətəndaşlığına marağı ilbəil artır. İnvestisiya yatırılması yolu ilə Monteneqro vətəndaşlığını əldə edən əcnəbilərə bu ölkənin pasportu ilə yanaşı, vergi güzəştləri də təklif olunur. Cari ildə investisiya proqramı üzrə müraciət edən 48 nəfərə ailə üzvləri ilə birlikdə Monteneqro vətəndaşlığı verilib.

Proqram çərçivəsində qeyri-turizm bölgələrinə 100 min avro, inkişaf etmiş bölgələrə 250 min avro, həmçinin inkişaf etmiş turizm bölgələrinə isə 450 min avro investisiya yatırmaq tələbi qoyulub. Cəmi iki min nəfərlə məhdudlaşan və bu rəqəmə çatdıqdan sonra yekunlaşacaq proqram çərçivəsində Monteneqro pasportunun alınması üçün 6 ay müddət tələb olunur.

Monteneqro vətəndaşı olmağın başqa bir yolu isə yaşayış icazəsi almaqla 10 il ərzində bu ölkədə yaşamaq hüququ əldə etməkdir. Əcnəbilər bu ölkədə daşınmaz əmlak almaq və ya iş icazəsi almaqla 5 il müddətinə qısamüddətli yaşayış icazəsi, eləcə də 5 il müddətinə uzunmüddətli yaşayış icazəsi əldə edə bilərlər. On il tamam olduqda isə əcnəbilərə Monteneqro vətəndaşlığı üçün müraciət etmək hüququ verilir.
Bu xəbər oxucular tərəfindən 453 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed