Şrift:
Fərəc Quliyev:2022-ci ilin BÜDCƏ LAYİHƏSİ: “Tənqidlər üçün kifayət qədər əsas var”
24.11.2021 [21:31] - Siyasət, İqtisadiyyat, Özəl xəbər, Fərəc Quliyev
MDHP sədrinin fikrincə, ölkədə neftdən asılı olmayan büdcə təmin edilməli və yeni texnologiyaların istehsalına imkan verən bir sistem qurulmalıdır:

“Əslində, indi real vəziyyət belədir ki, əhalinin gözləntiləri daha çox sosial məsələlərlə bağlıdır. Çünki həm rüsumların artırılması, həm də enerji daşıyıcılarının qiymətinin qaldırılması ilə əlaqədar bahalaşma mövcuddur və vətəndaşların narazı olduğu məsələlərdən biri budur. Əgər buna uyğun olaraq indeksasiya siyasəti aparılırsa, insanlar öz maaş və təqaüdlərində də adekvat artım gözləyirlər.

Eyni zamanda, mən ölkənin vəziyyətini də anlayıram ki, müharibədən çıxmışıq, proseslər hələ davam edir, işğaldan azad edilmiş ərazilərimiz bərpa olunur. Mən dünən 2015-ci il büdcə müzakirələrindəki çıxışımı sosial şəbəkədə paylaşdım və deyim ki, ondan bu yana ciddi dəyişikliklər yoxdur.

Söhbət nədən gedir? Yenə də Neft Fondundan transfertlər həddən artıq çoxdur, qeyri-neft sektorundan daxilomalar azdır, xarici ticarət dövriyyəsində sahibkarların iştirakı minimal səviyyədədir. Burada özəl sektorun payının az olması bir yana, həm də o payda əsas hissə idxalçı fəaliyyətdən ibarətdir. Yəni istehsalçı və ixracatçı özəl sektorun payı çox azdır. Bu da onu göstərir ki, qeyri-neft sektorundakı vəziyyət ürəkaçan deyil.

Digər tərəfdən, qeyri-neft sektoru deyəndə yalnız kənd təsərrüfatı sahəsi deyil, o cümlədən sənayeləşmə nəzərdə tutulur. Başqa sözlə, iqtisadiyyatda neftdən asılılıq hələ də qalır. Digər tərəfdən, konkret sahələrə vəsait ayırmalarında fərqli yanaşma yoxdur. Təhsilə, səhiyyəyə və bir sıra mühüm sahələrə ayrılan vəsaitlərin həcmi yetərli deyil. Bir neçə deputat da müzakirələrdə bu məsələyə toxundu.

Manatın indiki vəziyyəti və verilən proqnozlar, inflyasiya ilə bağlı məsələlərin yenə də “üzən məzənnə”dən daha çox inzibati yollarla tənzimlənməsinə üstünlük verilib. Həmçinin neftin indiki qiymətinə baxmayaraq, gələcəkdə onun dəyərinin necə dəyişəcəyi də proseslərə ciddi təsir edə bilər. Bunlar ötən illərdə də mövcud olmuş məsələlərdir. Əlbəttə, indi müəyyən sahələrdə irəliləyişlər və büdcəyə daxilolmalarda fərqlər var. Amma yenə də insanların yeni iş yerlərinin açılması üçün investisiyaların qoyulmasına yönəlik gözləntisi qalmaqdadır.

Əslində, neft sektoru və ona bağlı sahələrdə 60-70 min nəfər çalışır, lakin o sferalardan faydalanan məmurların sayı 600-800 min nəfər arasındadır. O baxımdan, əmək bölgüsü ilə əlaqədar məsələlərə dair baxışlarda gözləntilərimiz olsa da, burada axsaqlıqlar hələ mövcuddur. Etiraf edək ki, gələn ilin dövlət büdcəsi layihəsində tənqidlər üçün kifayət qədər əsaslar var. Lakin belə hesab edirəm ki, bütün hallarda ölkənin müharibədən sonrakı dövrdə olduğu nəzərə alınmalıdır. Amma yenə də o fikirdəyəm ki, yanaşmalar dəyişməlidir. Biz artıq neftdən asılılı olmayan büdcəni təmin etməli, yeni texnologiyaların istehsalına imkan verən bir sistem qurmalıyıq. Buna isə köhnə yanaşma hələ də mane olur”.

A.Zeynalov/yenicag.az
Bu xəbər oxucular tərəfindən 1107 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed