Şrift:
“Qəbələ” səfərdə “Zirə”ni məğlub edərək ikinci pilləyə yüksəlib
06.12.2021 [09:47] - Gündəm, İdman
Dekabrın 5-də futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Turun sonuncu oyununda "Zirə" klubu "Qəbələ"ni qəbul edib.

Qarşılaşma əyalət təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Görüşdə ilk qol 32-ci dəqiqədə qeydə alınıb. Urfan Abbasov qonaqları hesabda önə keçirib. Matçın 40-cı dəqiqəsində Rövlan Muradov cərimə zərbəsindən baxımlı qola imza ataraq "qırmızı-qaralar"ın üstünlüyünü iki topa çatdırıb. Oyunun 86-cı dəqiqəsində "Qəbələ"nin futbolçusu Omar Hanı ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Paytaxt klubunun gürcüstanlı legioneri Davit Volkov 45+4-cü dəqiqədə fərqi azaltmağa müvəffəq olub.

Bu nəticədən sonra xallarının sayını 25-ə çatdıran "Qəbələ" ikinci pilləyə yüksəlib. "Zirə" 22 xalla üçüncü sıradadır.

Günün digər matçında "Neftçi" "Sumqayıt"la qolsuz bərabərə qalıb. İlk oyun günündə "Keşlə" evdə "Səbail"lə 2:2 hesablı heç-heçəyə razılaşıb. "Qarabağ" isə "Sabah"ı darmadağın edib - 5:1.

Qeyd edək ki, on üç turdan sonra turnir cədvəlinə 30 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivlərində 25 xalı olan “Qəbələ” ikinci, 22 xalla “Zirə” isə üçüncü yerdədir. İyirmi bir xal toplayan “Neftçi” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sabah” (14), “Sumqayıt” (12), “Keşlə” (11) və “Səbail” (10) yer alıblar.
Bu xəbər oxucular tərəfindən 685 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed