Şrift:
ABŞ-ın “Moderna” şirkəti Avstraliyanın Melburn şəhərində zavod inşa edəcək
14.12.2021 [10:37] - Xəbərlər, İqtisadiyyat
Avstraliya hökuməti Melburnda “Moderna” şirkətinin farmasevtik zavodunun inşası üçün 2 milyard Avstraliya dolları (1,4 milyard ABŞ dolları) miqdarında investisiya ayıracaq.

Bu barədə dekabrın 14-də Avstraliyanın Baş naziri Skott Morrison məlumat verib. Baş nazir qeyd edib ki, yeni müəssisə “Moderna” şirkəti ilə 10 il müddətinə imzalanan razılaşma çərçivəsində inşa ediləcək.

Bildirilir ki, Melburnda yeni biotexnoloji istehsalın təşkili məqsədilə inşa ediləcək müəssisə nəticəsində Avstraliya cənub yarımkürəsinin ən böyük peyvənd istehsalçısına çevriləcək.

“Bu investisiya yalnız Avstraliyanın iqtisadi inkişafına deyil, həmçinin yüksək keyfiyyətli peyvəndlərə yol açaraq, insanların sağlamlığının mühafizəsinə xidmət edəcək”, – deyə Baş nazir bildirib.

Melburn şəhərinin yerləşdiyi Viktoriya ştatının hökumətində ilk mərhələdə yeni zavodun istehsal gücünün ildə 25 milyon doza peyvənd təşkil edəcəyi də bildirilib. Ümumilikdə isə zavodun istehsal gücünün ildə 100 milyon doza peyvənd təşkil edəcəyi qeyd edilib. Bununla yanaşı, zavodun yalnız peyvəndlər deyil, eyni zamanda xərçəng və digər genetik xəstəliklərə qarşı dərmanlar istehsal edəcəyi vurğulanıb. Zavodun planda nəzərdə tutulan istehsal gücünə 2024-cü ildə çatacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 629 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed