Şrift:
Tərbiyə doktoru Xəlil Fikrət-120
27.12.2012 [13:18] - Xəbərlər, Mədəniyyət, DAVAMın yazıları
Xəlil Fikrət (1892-1974 ) Azərbaycanın elmi-pedaqoji fikir tarixində özünəməxsus yeri olan türk ziyalılarından biridir.O, 1923-1926- cı ilərdə Bakıda ali təhsil ocaqlarında azərbaycanlı tələbələrə pedaqogika və psixogiyadan dərs demiş, paytaxt və əyalət mətbuatında onlarla elmi və elmi-kütləvi yazılarla şıxış etmişdir. Xəlil Fikrət müasir Azərbaycan gənclərinin babalarına dərs deyən türk alimlərdəndir. Sovet dövründə onun adını çəkmək qorxulu idi: adamı millətçilikdə günahlandıra bilərdilər, xüsusi orqanların sorğu-sualları onlara baha başa gələ bilərdi.,
Alimlərimiz öz tədqiqatlarında onun yazılarından istifadə edirdilər, amma istinad nöqtəsini, ilkin mənbəyi güstərmirdilər.Gənc alımlər onu tanımırdılar; onların çoxu ərəb əlifbasını bilmədiklərinə görə,təbii ki, Xəlil Fikrətin əsərlərindən istifadə edə bilmirdilər.
Xəlil Fikrət XX əsrin 20-ci illərində Türkiyədə yaxşı tanınan alimlərdən idi; o,Türkiyənin Almaniyada psixologiya üzrə təhsil almış ilk alimi -elmlər doktoru idi. Həmin illərdə BDU-ə işləməyə dəvət olunan alimlərin cərgəsində onu görmək məhz buna görə heç də təəccüblü deyildi. Xəlil Fikrət və digər türk alimlərinin Bakıya dəvət olunması, söz yox ki, dövlət səviyyəsində razılaşdırılmışdı. Türk alimlərinin Bakıya işləməyə dəvət olunması ideyası meydan çıxan vaxtlarda N,Nərimanov hələ Moskvaya rəhbər vəzifəyə dəvət olunmamışdı.
1923-cü ildə Bakı Dövlət Universitetində işləmək üçün Xəlil Fikrətdən başqa, İsmayıl Hikmət, Mühiddin Birgen kimi öz işinin ustası olan bir qrup türk mütəxəssisi də dəvət olunmuşdu. Onların çoxunu siyasi və elmi əqidəsinə görə N.Nərimanov yaxşı tanıyırdı. Türk mütəxəssisləri Bakıya gələndə N,Nərimanov artıq Bakıda deyildi: onu, etimad göstərmək adı ilə Bakıdan Moskvaya - baş şəhərimizə aparıb, yüksək vəzifəyə təyin etmişdılilər. Bakıda yenə də küləklər əsir, aləm bir-birinə qarışırdı, ancaq N.Nərimanovun əqidə dostları fəaliyyətdə idilər. Xalq Maarif Komissarlığına tabe olan nəşriyyat şöbəsinə türkiyəli Mühitdin Birgen rəhbərlik edirdi, nazirliyin məktəbəqədər tərbiyə şöbəsinin müdiri Halil Fikret idi.
Moskvanın siyasəti ilə barışmayan türk müəllimləri 1926-cı ildə Bakıdan getməli olurlar.. Xəlil Fikrət əvvəcə , vaxtilə oxuyub ali təhsil aldığı ölkəyə- Almaniyaya gəlir, burada ona dərs deyən müəllimləri ilə görüşür, Türkiyə təhsilinin yüksəlişinə kömək etmək məqsədilə bir müddətdən sonra Almaniyadan Türkiyəyə qayıdır, 1926-cı ildə Bakıda çapdan çıxan "Tərbiyə və tədris tarixi " kitabını yenidən çapa hazırlayır, Bakı və Berlin arxivlərindən topladığı materiallar əsasında yeni kitablarının yazılmasını sürətləndirir.
Xəlil Fikrət 1931-ci ildə yaradılmış Türk Kooperativçilik Kurumu ilə də əlaqələrini genişləndirir , adı qurumun gördüyü işlərdə çəkilir.
Maraqlıdır ki, Xəlil Fikrətin Azərbaycana dəvət edilməsinə razılıq verən N.Nərimanov da Azərbaycanda kooperativ hərəkatının liderlərindən biri olmuşdur. 1918-ci ildə Bakıda N.Nərimanovun rəhbərliyi ilə kooperativlik hərəkatına önəm verən "El fəryadı" adlı jurnal nəşr edilmişdir. Cəmi 3 nömrəsi çıxandan sonra jurnal öz işini dayandırmalı olmuşdur. 1920-ci ilin may ayında Bakıya qayıdan N.Nərimanov kooperativ işinə xüsusi qayğı göstərmiş, bir müddətdən sonra "El fəryadı" başqa ad ilə öz işini davam etdirmişdir. Bakıda olarkən Xəlil Fikrətin bu jurnalda iştirakı güman edilir. Xəlil Fikrət sonralar Türk Koopertivçilik Kurumunda işləyərkən Bakıda qazandığı təcrübi, elmi-metodiki və elmi-pedaqoji vərdişlər onun karına gəlirdi.
X.Fikrət 1934-cü ildə İstanbulda yaradılan "Karınca" adlı dərginin işində fəal iştirak edir. Bu dərgi kooperativ alanında elmi bir başvuru qaynağıdır. Dərgidə çeşıdli elm, fikir və sənət xəbərlərinə yer verilir, oxucular bilgilənirdi.
Xəlil Fikret 1944-cü il iyunun 12-dən 1945-ci il arpelin 16-dək Türk Kooperatifçilik Kurumunun başkanı olur. (Onun oxuculara təqdim etdiyim şəkli çoxllarına məlum deyil.)
Bakıda və Şəkidə çap olunan bir sıra yazılarını " Tərbiyə doktoru Halil Fikret" kimi imzalayan Xəlil Fikrət pedaqogika , təhsil tarixi, tərbiyə məsələlərinə aid onlarla elmi əsərin müəllifidir. Onun Bakı və Şəki nəşriyyatlarında çap etdirdiyi yazılar hələ də öz işgüzar və səriştəli tədqiqatçılarını gözləyir.
Xəlil Fikrətin həyatınım bütün mərhələləri diqqətlə araşdırılmalıdır.
****
Bu il Xəlil Fikrətin anadan olmasının 120 ili tamam olur. Türk-Azərbaycan , elmi-pedaqoji əlaqələrin öyrəniməsində Xəlil Fikrətin yaradıcılıq yoluna xüsusi diqqət və qayğı göstərilməlidir.


Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
AAM-in kafedra müdiri.




Bakı,25.12.2012.
Əlaqə telefonları 050- 632 -31- 49 ; 566-07-95
Bu xəbər oxucular tərəfindən 1312 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed