Şrift:
Malayziya hökuməti daşqınların ziyan vurduğu rayonların bərpasına 100 milyon rinqit ayırıb
20.12.2021 [10:26] - Gündəm, İqtisadiyyat
Malayziya hökuməti ölkənin qərbində daşqınların ziyan vurduğu rayonların bərpasına 100 milyon rinqit (23 milyon dollar) məbləğində vəsait ayırıb.

“New Straits Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri İsmail Sabri Yakob bəyan edib. Həmin vəsaitin zərərçəkmiş rayonlarda infrastrukturun və yaşayış fondunun bərpasına sərf olunacağı bildirilir.

“Hökumət bu məqsədlər üçün 100 milyon rinqit vəsait ayıracaq. Bundan əlavə, təbii fəlakətdən zərər çəkən hər bir ailə 1000 rinqit (236 dollar) kompensasiya alacaq”, - deyə Baş nazir bildirib. Onun sözlərinə görə, bu vəsaitin bir hissəsi dövlət büdcəsindən, digər hissəsi isə dövlət şirkətləri tərəfindən yönəldiləcək.

Hökumətin başçısı, həmçinin qeyd edib ki, daşqınlardan ən çox zərər çəkən Selanqor ştatında artıq 103 müvəqqəti təxliyə mərkəzi yaradılıb.

“Biz əlavə olaraq buraya koronavirus testləri aparacaq tibbi heyət də göndəririk”, - deyə Baş nazir əlavə edib. O, daşqınlardan ziyan görmüş dövlət qulluqçularına ödənişli məzuniyyət veriləcəyini də bildirib.

Əlavə olaraq qeyd edək ki, Malayziyada ötən həftə güclü yağışlar səbəbindən baş verən daşqınlar nəticəsində 10 nəfər itkin düşüb, 41 mindən çox sakin öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Yerli meteoroloqların bildirdiyinə görə, Malayziyanın qərb rayonlarında ötən həftə baş verən güclü yağışlar son dəfə 100 il bundan əvvəl qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 782 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed