Şrift:
Rəfsəncani azad seçki istəyir
27.12.2012 [15:25] - Gündəm, Güney Azərbaycan xəbərləri
Rəfsəncani azad seçki istəyir

İran Məsləhət Şurasının rəhbəri, ayətullah Haşimi Rəfsəncani dekabrın 23-də bir qrup tələbəylə görüşərək ölkənin problemlərindən və qarşıdan gələn prezident seçkisindən danışıb. O deyib ki, islam inqilabına və ölkə konstitusiyasına sadiq olan, lakin fərqli siyasi görüşə malik qüvvələrin hakimiyyətdən biryolluq kənarlaşdırılması doğru deyil: «Hesab edirəm ki, ölkədə mövcud böhranı və digər problemləri aradan qaldırmağın, cəmiyyətdə tarazlığı bərqərar etməyin birinci şərti şəffaf, qanuni və azad seçkilərin keçirilməsidir. Məhz azad və şəffaf bir seçki keçirilsə, fərqli görüşlərə malik siyasi qüvvələr seçki qutularından çıxan nəticəni qəbul edə, ölkə problemlərinin aradan qaldırılması üçün hökumətə yardımçı ola bilər».
Xatırladaq ki, İranda 2009-cu il mübahisəli prezident seçkilərindən sonra eks-prezident Əliəkbər Haşimi Rəfsəncaninin uşaqları Mehdi və Faizə ölkədə qarışıqlıq yaratmaqda, həmçinin həmin seçkilərin nəticələrinə qarşı irimiqyaslı aksiyalar təşkil etməkdə dəfələrlə ittiham ediliblər. Mehdi Haşimi sentyabrda Böyük Britaniyadan Tehrana gələrkən həbs edilib. O, Böyük Britaniyada üç il yaşadıqdan sonra Tehrana qayıdıb, həbs olunduqdan sonra Evin həbsxanasına gətirilib. Hazırda isə Mehdi Haşimi zaminə buraxılıb. Faizə Rəfsəncaniyə 2011-ci ilin yanvar ayında analoji ittihamla altı ay həbs cəzası kəsilsə də, qərar bu ilin sentyabr ayından qüvvəyə minib.

PKK İran ərazisindən istifadə edir

PKK zəif mühafizə olunan İran sərhədindən logistika məqsədləri üçün istifadə edir. Bu açıqlama ilə Türkiyənin daxili işlər naziri İdris Naim Şahin çıxış edib. Onun sözlərinə görə, PKK İran ərazisindən təlim, müalicə, silah və maliyyə vəsaitlərinin nəqli üçün istifadə edir: «Əvvəlki illərlə müqayisədə bu gün PKK üzvləri İran ərazisində sərbəst yerləşirlər. Tehranın öz ərazilərinin müdafiəsini gücləndirməsi vacibdir».
Bu xəbər oxucular tərəfindən 826 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed