Şrift:
“Dağ vüqarlı sənətkar” adlı ədəbi-bədii gecədə Seyfəddin Dağlının yaradıcılığından danışılıb
24.12.2021 [09:47] - Xəbərlər, Mədəniyyət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Cəfər Cabbarlının ev-muzeyi Seyfəddin Dağlının anadan olmasının 100 illiyinə həsr olunmuş “Dağ vüqarlı sənətkar” adlı ədəbi-bədii gecə keçirib.

İdarədən bildirilib ki, tədbir Seyfəddin Dağlının həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy, Əməkdar incəsənət xadimi Şəfəq Əlixanlı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev Seyfəddin Dağlı ilə bağlı xatirələrini bölüşüblər. Bədii qiraət ustası, Əməkdar artist Azad Şükürov Seyfəddin Dağlı poeziyasına müraciət edib və şairin bədii yaradıcılığı haqqında fikirlər söyləyib.

Gecədə Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Rəşad İlyasov, sevilən gənc müğənnilər Vüsal Hacıyev, Günay İmamverdiyeva, Gülzar Fərəcova, Kamilə Nəbiyeva, muğam ifaçısı Hüseyn Məlikov, aktyorlar Toğrul Rza Müşfiq, Zülfiyyə Məmmədova iştirak ediblər.

Tədbir boyu Seyfəddin Dağlının əsərləri əsasında lentə alınmış tamaşalardan və “Mozalan” satirik kinojurnalından fraqmentlər nümayiş olunub.

Sonda Cəfər Cabbarlının ev-muzeyini direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı çıxış edərək, tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.

Tədbirin təşkilində yaxın iştirakına görə Əməkdar jurnalist, Qızıl Aypara Cəmiyyətinin vitse–prezidenti Qafar Əsgərzadəyə və Könüllülər İctimai Birliyinin və Qaradağ rayon Qızıl Aypara Cəmiyyətinin sədri Niyaz Eyvazova Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fəxri fərmanları təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 1004 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed