Şrift:
Lətif Novruzov: Tələbələr arasında futzal yarışları yüksək rəqabət şəraitində keçd
24.12.2021 [09:59] - Gündəm, İdman
Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bu il doqquzuncu dəfə futzal yarışları təşkil edildi. Turnirin yüksək səviyyədə keçirilməsi üçün hər bir şərait yaradılmışdı. Builki yarışların Zəfər Gününə həsr edilməsi onun əhəmiyyətini daha da artırırdı. Turnir yüksək rəqabət və maraqlı mübarizə şəraitində keçdi.

Bu sözləri müsahibəsində Tələbə Futbol Federasiyası İctimai Birliyinin baş katibi Lətif Novruzov ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən futzal yarışlarının nəticələri ilə bağlı danışarkən bildirib.

O qeyd edib ki, builki yarışlarda 3 bölgədən komandalar iştirak edib: “Builki turnirə 3 bölgədən 35 komanda qatılmışdı. Belə ki, turnirdə Bakı ilə yanaşı, Şirvan və Qərb bölgələrindən də komandalar mübarizə aparırdı. Sevindirici haldır ki, bölgə komandalarından Gəncə Dövlət Universitetinin kollektivi yarışın yarımfinal mərhələsinə vəsiqə qazandı”.

Lətif Novruzov turnirin keçirilməsində məqsədin ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbol idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi olduğunu bildirib. O, həmçinin ölkənin yeniyetmə, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futbolçuların seçiminin təminatı, tələbələr arasında ən güclü futzal komandasının müəyyən edilməsinin məqsədlər arasında olduğunu bildirib.

Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən futzal yarışlarının qalibi Azərbaycan Dövlət İqtisad Universitetinin komandası olub.

Futzal yarışları Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Bu xəbər oxucular tərəfindən 1191 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed