Şrift:
Azərbaycançılıq ideyası milli birliyimizin əsasıdır
30.12.2021 [09:58] - Gündəm, Sosial
Azərbaycançılıq ideyası milli birliyimizin əsası olmaqla yanaşı, həm də dünya azərbaycanlılarının bir yumruq altında birləşməsində əvəzsiz rola malikdir.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən bildirilib ki, bu sözləri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbirdə çıxış edən Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev deyib.

Bölmədə keçirilən tədbirdə çıxış edən akademik qeyd edib ki, ulu öndərimiz Heydər Əliyev azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirib. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazanıb. Xalqın birliyinə hesablanmış uzaqgörən addımların artıq öz gözlənilən bəhrəsini verdiyini deyən alim Vətən müharibəsi zamanı millətin, ordunun bu mənəvi birlikdən güc aldığını qeyd edib.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov tədbirdə “Həmrəyliyimiz milli birliyimizdir” mövzusunda məruzə edib. Məruzəçi həmrəylik və birliyə can atan Azərbaycan xalqının mücadiləsindən, Naxçıvan əhalisinin Araz çayı boyunca çəkilmiş sərhəd dirəklərini dağıtması ilə o vaxtkı ittifaqda yaratdığı böyük rezonansdan söz açıb. Qeyd olunub ki, bu tarixi hərəkata siyasi qiymət verən ulu öndər Heydər Əliyev 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmasını qərara alıb. Dünyada yaşayan azərbaycanlıların təşkilatlanmasında həlledici rol oynayan bu qərar Heydər Əliyev ideyalarının, alternativsiz strateji xəttin irəliyə doğru mühüm addımı idi.

“Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının ilk qurultayının keçirilməsi və sonrakı dövrlərdə bu fəaliyyətin uğurlu davamının nəticəsidir ki, artıq soydaşlarımız müxtəlif ölkələrdə Xocalı faciəsi, ermənilərin xalqımıza qarşı törətdikləri qırğınlar ilə bağlı aksiyalar keçirir, ölkəmiz və millətimiz barədə əsl həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırlar”, - deyən Yaşar Rəhimov diaspor quruculuğu sahəsində həyata keçirilən işlərdən bəhs edib. Diqqətə çatdırıb ki, dahi rəhbərin bu sahədəki siyasəti bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi dövründə Azərbaycanın irəliyə doğru atdığı hər bir addım, qazandığı hər bir uğur dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırıb, onların müstəqil dövlətimizə inamını artırıb, soydaşlarımızın milli maraqları ətrafında sıx birləşmələri üçün zəmin yaradıb.

Vurğulanıb ki, bu gün əqidəsindən, dünyagörüşündən asılı olmayaraq hər bir soydaşımızın vahid amal və ideologiya ətrafında birləşməsi, həmrəylik nümayiş etdirməsi dövrün tələbi, zamanın çağırışıdır.

Tədbirdə AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərlinin və filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın çıxışları dinlənilib. Çıxışlarda həmrəyliyimizi şərtləndirən amillərin, diaspor quruculuğu sahəsində həyata keçirilən işlərin əhəmiyyəti qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 581 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed