Şrift:
Vətəndaşların 67 faizi Yeni il bayramını evdə ailəsi ilə birgə qeyd etməyi düşünür
30.12.2021 [10:00] - Gündəm, Sosial
Media Təhlil Mərkəzi (MTM) vətəndaşların növbəti ildən gözləntilərini müəyyənləşdirmək məqsədilə dekabrın 15-20-də növbəti sorğu keçirib. Sorğuda iştirak edən 673 respondentin 44 faizini qadınlar, 56 faizini kişilər təşkil edib.

MTM-dən verilən məlumata görə, ilk suala verilən cavablar əsasında məlum olub ki, respondentlərin 32 faizinin növbəti ildən gözləntisi iqtisadiyyatda və əhali gəlirlərində artımdır. Sorğu iştirakçılarının 32 faizi 2022-ci ildən COVID-19-a qarşı qələbə, 17 faizi işğaldan azad edilən ərazilərə ilk köçürülmə prosesinin reallaşmasını gözləyir. Cavab verənlərin 17 faizinin növbəti il üçün xüsusi gözləntisi yoxdur.

Gələn ildə pandemiyaya qalib gəlməyin mümkünlüyü ilə bağlı suala respondentlərin cavabı aşağıdakı kimi olub:

Virusun yeni mutasiyası fonunda inanmaq çətindir – 23 faiz;

Vaksinləşmə virusu lokallaşdıra bilər – 13 faiz;

Virusa qalib gəlmək vətəndaşların qaydalara əməl etməsindən asılı olacaq – 31 faiz;

Pandemiya növbəti ildə də davam edəcək – 33 faiz.

Sorğunun nəticələri əsasında cavab verənlərin bayram hədiyyələrinə xərcləyəcəkləri məbləği də müəyyənləşdirmək mümkün olub. Belə ki, respondentlərin 55 faizinin bayram hədiyyələrinə xərcləyəcəyi məbləğin həcmi 50 manata qədərdir. İştirakçıların 24 faizi yeni il hədiyyələrinə 50-100 manat, 11 faizi 100-200 manat, 4 faiz 200-300 manat, 6 faizi 300 manatdan çox vəsait ayıracağını bildirib.

Bayramı ailəsi ilə birgə evdə qeyd edəcəyini deyənlər cavab verənlərin 67 faizini, qonaq getməyi və qonaq qəbul etməyi düşünənlər isə respondentlərin 9 faizini təşkil edib. Sorğu iştirakçılarının 4 faizi bayramda rayona gedəcəyini, 3 faizi yeni ili ölkə xaricində qarşılayacağını, 17 faizi isə bayramı qeyd etməyəcəyini vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 820 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed