Şrift:
Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günü keçirilib
07.01.2022 [10:11] - Gündəm, Sosial
Yanvarın 6-da Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris ilinin payız imtahan sessiyası çərçivəsində ilk “Açıq qapı” günü keçirilib.

MDU-dan bildirilib ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb. Görüşdə universitetin akademik və inzibati heyət üzvləri də iştirak ediblər.

Cari tədris ilinin payız semestrinin uğurla başa çatması münasibətilə MDU-nun tələbə və müəllim kollektivi üzvlərini təbrik edən rektor imtahan sessiyasında onlara uğurlar arzulayıb.

MDU-da imtahanların yanvarın 5-dən fevralın 2-dək əyani formada şifahi şəkildə təşkil ediləcəyini qeyd edən Ş.Bayramov imtahan sessiyasının obyektiv, şəffaf, ədalətli və mövcud xüsusi karantin rejiminin müvafiq tələblərinə uyğun şəkildə keçirilməsi üçün zəruri olan bütün mümkün tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Sonra tələbə və magistrantların müraciətləri dinlənilib, sual və təkliflərinə münasibət bildirilib.

Səmimi ortamda keçən görüşdə tələbələr imtahan sessiyasına hazırlıq səviyyəsindən məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan açıq qapı günlərinin cari ilin 3 fevral tarixinədək hər həftənin cümə axşamı günü təşkil olunması nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed