Şrift:
AZƏRTAC-ın büro rəhbərinin erməni təcavüzkarlığını ifşa edən növbəti əsəri Ankarada türk dilində nəşr olunub
10.01.2022 [10:03] - Xəbərlər, Sosial
Azərbaycan Dövlət İnformasiya Agentliyi-AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının qələmə aldığı “Erməni uydurmalarından yaranan bəşəri cinayətlər: dünəni və bu günün” (“Ermeni Uydurmalarından Doğan Beşerî Cinayetlerin: Dün ve Bugünü”) adlı elmi əsər Türkiyədə nəşr olunur.

Əsərin ayrı-ayrı bölmələrində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli qələbə barədə məlumat verilir və kitabın sonunda təcavüzkar Ermənistanın terrorçu və uşaq qatili olduğunu təsdiq edən, sözügedən müharibə dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə, yaşayış yerlərinə və mülki obyektləri hədəf alan raket zərbələrinin yaratdığı faciə və fəsadları, bu bəşəri cinayətləri əks etdirən, AZƏRTAC tərəfindən lentə alınmış orijinal fotolar da əksini tapıb.

Əsərin nəşri Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi dəstəyi və Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə Türkiyənin “BENGÜ” Yayın Evi tərəfindən təmin edilib.

Türk dilində çap olunan 276 səhifəlik kitabda toplanan bütün faktlar və məntiqi mülahizələr erməni millətçilərinin dünyanı əhatə edən mütəşəkkil cinayətlərini, bu suçların Ermənistan dövləti tərəfindən dəstəkləndiyini və dünyadakı ikili standartlar səbəbindən ağır cinayətlər edən ermənilərin cəzasız qalaraq daha da həvəsləndiklərinə dair gerçəkləri özündə əks etdirir.

Türkdilli ictimaiyyətə nəfis tərtibat və yüksək poliqrafiya ilə təqdim olunan kitabda dərin araşdırmalar sayəsində saxta “Böyük Ermənistan” ideologiyasının mahiyyətini, böyük güclərin ermənilərin bütün dünyada həyata keçirdikləri təhlükəli cinayətləri himayə etmələri, bununla da onların daha geniş təşkilatlanmasına şərait yaradılması dəqiq faktlarla oxuculara təqdim edir.

Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulduğu kimi Qafqazşünaslıq, Cənubi Qafqazın tarixi, ermənilərin bölgəyə köçürülməsi və bu bölgədə sülhə yaratdıqları əngəllər, saxta “erməni məsələsi” ilə bağlı problemlərin araşdırılması ilə məşğul olan tədqiqatçılar üçün mühüm ədəbiyyatdır.

Nəşrin məsul rəhbəri Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, tərcüməçi sosial elmlər üzrə araşdırmaçı Mətin Yıldırımdır.
Bu xəbər oxucular tərəfindən 475 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed