Şrift:
Çində ekoloji təmiz avtomobillərin satışı 60 faiz çoxalıb
18.01.2022 [10:15] - Gündəm, Sosial
Çində ötən il 3,5 milyon ədəd “təmiz enerji” avtomobili satılıb.

Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına istinadla xəbər verir ki, bu rəqəm əvvəlki illə müqayisədə 60 faiz çoxdur. Ardıcıl 7 ildir ki, Çin elektrik enerjisi də daxil olmaqla, yeni enerji mənbələrindən istifadə edən avtomobillərin (new energy vehicles - NEV) satışına görə dünyada birinci olur.

Yeni enerji avtomobillərinin istehsalının və satışının çoxalması ətraf mühitin qorunması istiqamətində həyata keçirilən işlərin müsbət nəticəsidir. Belə ki, Çin hökuməti yeni enerji avtomobillərinin istifadəsini təşviq etməklə yanaşı, istehsalçılara və istehlakçılara müəyyən güzəştlər təklif edir, şəhər təsərrüfatlarında ənənəvi yanacaqla işləyən avtomobillərin istifadəsini getdikcə məhdudlaşdırır.

Assosiasiyanın məlumatına əsasən, 3 illik azalmadan sonra ötən il Çində avtomobil satışları da çoxalıb. Keçən il Çində ümumilikdə, 26 milyondan çox avtomobil istehsal edilib, 26,2 milyon ədəd satılıb. İstehsal və satış 2020-ci illə müqayisədə müvafiq olaraq 3,4 və 3,8 faiz çoxalıb. İxrac isə rekord həddə (2,02 milyon ədəd) çatıb.

Dünyanın ən böyük avtomobil bazarı olan Çində satışların çoxalması qabaqcıl avtomobil istehsalçılarının biznesinə müsbət təsir edib. Məsələn, “Volkswagen”in Çindəki törəmə müəssisələrindən biri olan “SAIC Volkswagen”in satışları 17,5 faiz, “Toyota”nın 8,2 faiz, BMW-nin 9 faiz çoxalıb. Lüks avtomobil istehsalçılarından olan “Lamborghini” keçən il Çində 935 avtomobil satıb ki, bu da əvvəlki illə müqayisədə 55 faiz çoxdur. “Bentley” avtomobillərinin satışı 40 faiz, “Porsche” isə 8 faiz artıb.

ABŞ-ın “Tesla” şirkəti ötən il Çində 484 min avtomobil istehsal edərək, dilerlərə təqdim edib. Bu rəqəm “Tesla”nın qlobal istehsalının 51,7 faizidir.
Bu xəbər oxucular tərəfindən 460 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed