Şrift:
Dövlətimizin başçısının ictimai nəzarətin gücləndirilməsi ilə bağlı tövsiyələri bizə qarşıya qoyulan hədəflərə çatmaq üçün stimul verir
18.01.2022 [10:24] - Gündəm, Sosial
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ictimai nəzarətin gücləndirilməsinin effektivliyi barədə danışıb və öz tövsiyələrini verib. Dövlətimizin başçısının korrupsiyaya qarşı ictimai nəzarətin gücləndirilməsi ilə bağlı tövsiyələri bizə qarşıya qoyulan hədəflərə çatmaq üçün stimul verir və yeni dialoq platformasının yaradılmasını qaçılmaz edir. Bu, kompleks yanaşma tələb edən məsələdir.

Qarabağda aparılan bərpa və quruculuq prosesində şəffaflığın qorunmasını təmin etmək üçün ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətlərinin iştirakı vacibdir.

Bu fikirləri açıqlamasında Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənov bildirib.

O diqqətə çatdırıb ki, ölkəmizdə ictimai nəzarətin həyata keçirilməsi istiqamətində artıq müsbət təcrübə və model vardır, amma onları təkmilləşdirmək lazım gəlir. A.Allahverənovun sözlərinə görə, ictimai nəzarətin həyata keçirilməsində böyük təcrübəsi olan QHT-lər və ictimai şuraların üzvləri bu işə töhfə verməyə çalışırlar. Vətəndaş-hakimiyyət, vətəndaş-dövlət, dövlət qurumları-QHT-lər kimi müxtəlif platformalar üzrə əməkdaşlığın genişləndirilməsi tələb olunur.

“Nəticələr onu deməyə əsas verir ki, korrupsiyaya qarşı mübarizədə indiyədək çox müsbət işlər görülsə də, fəallıq istənilən səviyyədə deyil. İctimai nəzarəti həyata keçirmək üçün müəyyən institusional çərçivələr müəyyən olunmalıdır. Hüquqi çərçivələr var və ictimai nəzarət qaydaları qanunla tənzimlənir.

Amma bu qanunların da zaman-zaman təkmilləşdirilməsinə ehtiyac duyulur. İctimai dinləmələrin və müzakirələrin keçirilməsi üçün imkanların yaradılması vacibdir. Düşünürəm ki, ictimai şuralar kifayət qədər effektiv fəaliyyət göstərir”, - deyə İctimai Şuranın sədri qeyd edib.

Onun sözlərinə görə, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın indiyədək Milli Məclisə təklif etdiyi 70-dən çox qanun layihəsindən 69-u qanunvericilikdə öz əksini tapıb. Bildirilib ki, Şura ölkə ərazisində əcnəbi vətəndaşlara xidmət, xüsusilə pandemiya dövründə tibbi xidmətin göstərilməsi, vaksinasiya məsələlərində, həmçinin əcnəbilərin ölkədən çıxışının təmin olunmasında öz köməyini göstərib. Halbuki bu, dünyanın bir çox ölkələrində problemli məsələ olaraq qalır. Məsələn, xarici ölkələrdə qeydiyyatı olmayan və oturuma icazəsi olmayanlar heç cür peyvənd oluna bilməzlər.

Azər Allahverənov qurumlararası əlaqələrin həyata keçirilməsində də ictimai iştirakçılığın təmin olunmasının vacibliyini vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed