Şrift:
Fərəc Quliyev:20 Yanvar qırğınlarında ermənilər də iştirak ediblər
18.01.2022 [12:17] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Onların adları da məlum idi"

"Ozamankı proseslərdə ermənilər hər cür vəhşiliyə əl atmışdı"

Ermənilər 1990-cı il qanlı 20 Yanvar hadisəsinin ildönümü ərəfəsində propaqanda maşınını yenidən işə salıblar. Ermənistan Xarici İşlər Nazirliyi uydurma iddialarla Azərbaycanı ittiham edib. İrəvan 20 yanvar hadisəsində minlərlə erməninin “qətl edildiyi”, “təzyiqlərə məruz qaldıqları” və Bakıdan “sürgün edildikləri” kimi absurd iddialar irəli sürüb. Guya, rəsmi Bakı 20 Yanvar faciəsini məqsədyönlü şəkildə qabardaraq, erməni “qırğınlarını” ört-basdır etməyə çalışıb.

Azərbaycan Xarici İşlər Nazirliyi düşmən tərəfin çirkin ittihamlarını cavabsız qoymayıb. XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, Bakıda 1990-cı ilin yanvarında erməni əhaliyə qarşı “qırğın törədilməsi” iddiası tamamilə əsassız və uydurmadır. XİN-dən vurğulanıb ki, bu, Ermənistan tərəfinin Azərbaycanın dinc əhalisinə qarşı tarixən həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini gizlətmək məqsədini güdən propaqandadır: “Təəssüflə qeyd etməliyik ki, ermənilərin “qurban” şəklində təqdim edildiyi hekayələr onilliklər ərzində erməni millətçiliyinin ideoloji əsasını təşkil edib. Elə bu da Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına təkan verib. Ermənistanla Azərbaycan arasında yüz minlərlə insanın böyük iztirablarına səbəb olan dağıdıcı münaqişəyə gətirib çıxarıb. Hazırda münaqişədən sonrakı dövlətlərarası münasibətlərin normallaşması məsələlərinin müzakirə mövzusu olduğu bir vaxtda Ermənistan XİN-in yenidən bu kimi əsassız və destruktiv bəyanatlarla çıxış etməsi qarşı tərəfin münasibətlərin normallaşmasına çalışmadığını göstərir. Bu isə təəssüf doğurduğu qədər həm də təhlükəlidir”. L.Abdullayeva bəyan edib ki, istintaq materialları, eləcə də bir sıra beynəlxalq müstəqil qurumların təkzibedilməz müşahidələri sübut edir ki, 20 yanvar hadisəsi sovet xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, Azərbaycan xalqının müstəqillik mübarizəsinə qarşı yönəlmiş açıq təxribatçı əməllər idi.

Ermənistan tərəfinin yalanları ilə bağlı “Şərq”ə danışan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev bildirib ki, İrəvanın davranışlarına təəccüb etməməliyik. Partiya rəhbəri bəyan edib ki, Ermənistan hələ düşmənimizdir və statusu dəyişməyib:

“Dövlət başçısı İlham Əliyev müsahibəsində Ermənistanı qonşu ölkə adlandırmadı. Çünki Ermənistan rəhbərliyi və ictimaiyyəti öz yanaşmalarında və davranışlarında redaktələr etməyiblər. Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ittihamlardan əl çəkərsə, normal əməkdaşlıq istiqamətində zəruri addımlar atarsa, o halda İrəvanı qonşu adlandırmaq mümkündür. Hələlik, Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərimizi tanımayıb. Ərazilərimizdəki ermənilərin Azərbaycan vətəndaşları olduqlarını qəbul etməyiblər. Türkiyəyə qarşı iddialardan, saxta “soyqırım”dan əl çəkməyiblər. Ermənistanın gerbində Ağrı dağı əks olunmaqda, konstitusiyasında Türkiyə dövlətinə ərazi iddiaları qalmaqdadır. Ermənistanın hər sahədə hücumlarını davam etdirə biləcəyi ehtimalını daim gündəmdə saxlamalıyıq. Addımlarımız da ona uyğun olmalı, ermənilərə qarşı “kötək və kökə” siyasətini tətbiq etməliyik. Ermənistan daxili auditoriyanı sakitləşdirmək, əhaliyə “İrəvanın geri çəkilmədiyini” göstərmək üçün əsassız ittihamlara baş vurur. Azərbaycanın beynəlxalq nüfuzunu zədələməyə çalışır. Çünki başqa müstəvilərdə ardıcıl məğlub oldular. Brüssel görüşündən istədikləri nəticə çıxmadı, KTMT-ni prosesə cəlb edə bilmədilər. Bu amillər İrəvanda və erməni cəmiyyətində ciddi narahatlıq doğurur”.

F.Quliyev vurğulayıb ki, 1990-cı ilin yanvarında Azərbaycana daxil olan 66 minə qədər sovet ordusunun tərkibində Stavropol və Krasnodardan gətirilən erməni zabitləri və kursantlar var idi:

“Onların adları da məlum idi. O vaxt 100 cildlik cinayət işi hazırlanmışdı. Təəssüflər olsun ki, işin 60 cilddən çoxunu Moskvaya apardılar, ancaq geri qaytarmadılar. Ermənilərin Bakıda törətdikləri bütün cinayətlərin dəlil-sübutları mövcud idi. Ondan əvvəl də Sumqayıtdakı hadisələrin ermənilər tərəfindən təşkil edildiyini özləri etiraf etmişdilər. 20 Yanvar qırğınlarını həyata keçirmək üçün ermənilərin xüsusi canfəşanlığı olmuşdu. Ruslara qarşı müəyyən addımların atılması, talançılıqla məşğul olunması və s. hamısı real faktlar idi. Məhz həmin ərəfədə Ermənistandakı azərbaycanlılar öz yurdlarından qovulmağa başlanmışdı. 1948-ci ildən sonra ilk dəfə idi ki, azərbaycanlılar kütləvi şəkildə öz torpaqlarından zorla çıxarılırdı. Ozamankı proseslərdə ermənilər hər cür vəhşiliyə əl atmışdı. Azərbaycanlı uşaqları diri-diri borulara yığıb ağzını qaynaq etmişdilər. Dövrün hadisələrində qətliama və soyqırıma məruz qalan, torpaqlarından qovulan ermənilər yox, azərbaycanlılar olub. Bunu təsdiqləyən çoxsaylı foto-video kadrlar və yüzlərlə sənəd var”.

Müsahibimizin fikrincə, Ermənistana qarşı davranışımız adekvat olmalıdır: “Büdcədə hərbi xərclərin artırılması çox doğru qərardır. Sərhədlərimizdə ordumuzu daim gücləndirməli, cəmiyyətdə vətənpərvərlik hissini yüksək səviyyədə saxlamalıyıq. Nəzərə almalıyıq ki, ermənilər ya birbaşa özləri, ya da ağalarının sifarişi əsasında hər fürsətdən yararlanmaq istəyəcəklər. Azərbaycan mühüm geopolitik məkanda yerləşir və regionda böyük dövlətlərin maraqları daim toqquşur. Əksər hallarda isə maşa kimi ermənilərdən istifadə edirlər”.

İsmayıl Qocayev/sherg.az
Bu xəbər oxucular tərəfindən 388 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed