Şrift:
Fərəc Quliyev:Azərbaycan Səudiyyə Ərəbistanı münasibətləri: “Ərəb dünyası üçün ciddi qapıdır”
18.01.2022 [14:29] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Azərbaycan Səudiyyə Ərəbistanı ilə hər zaman yaxşı münasibətdə olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Qarabağ məsələsinə görə Ermənistanla heç bir siyasi, iqtisadi əlaqələr qurmayan azsaylı ölkələrdəndir. Hazırda Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələr də üst səviyyəyə çatır. Son olaraq Azərbaycan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının inşafı üçün Səudiyyə Ərəbistanı ilə birgə çalışır.

Bu ilin 13 yanvarında təməlqoyma mərasimi keçirilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyası gələcək üçün ciddi enerji mənbəyi hesab olunur. Təməlqoyma mərasimində Prezident İlham Əliyev çıxış edərək Səudiyyə Ərəbistanla münasibətlərin tarixini və önəmini vurğulayıb.

“Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətlər mövcuddur. Müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəal işlər aparılmışdır. Bizim ölkələr bir çox sahələrdə uğurla əməkdaşlıq edir”, - deyə Prezident İlham Əliyev çıxışında vurğulayıb.

Göründüyü kimi, iki ölkə arasında münasibətlər üst səviyyəyə çıxıb və gələcəkdə daha da inkişaf etdirilməsi gözlənilir.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib ki, Səudiyyə Ərəbistanı ilə münasibətlərimiz çox yüksək səviyyədədir:

“Çünki baramaqla sayılacaq ölkələrdəndir ki, Azərbaycana görə Ermənistanla çox fərqli siyasət yürüdür. Ermənistanın demək olar ki, heç bir təklifini qəbul etmirdi, hətta dövlət kimi belə tanımamaq səviyyəsində davranırdı.

Səudiyyə Ərəbistanı həm resursları, həm də coğrafi baxımında bölgəsinin ən aparıcı dövlətlərindən biridir. Müttəfiqlərinin seçimi baxımından da çox əhəmiyyətli bir siyasət aparır. Əgər bir ölkə ilə iqtisadi münasibət qurursansa, onunla ortaq bir bazara girirsən. Siyasi münasibətlər quranda isə mütləq müttəfiqlərinin kimlər olduğunu nəzərə alırsan.

Hesab edirəm ki, ərəb dünyasında özünün xüsusi çəkisi olan Səudiyyə Ərəbistanı ilə gələcəkdə sahələrdə, turizm, ərazilərimizin bərpasında, neft sənayesində, investisya sahəsində əlaqələrin qurulması mümkündür. Düşünürəm ki, əsasən nonotexnologiya və turizmlə bağlı ciddi addımlar atmaq lazımdır. Azərbaycan yaxşı bazardır. Xeyli məhsullarımızın irxacı üçün Səudiyyə Ərəbistanı bazarından yararlanan bilərik.

Onların orqanik məhsullara ehtiyacı var. Hesab edirəm ki, bu təkcə iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan əhəmiyyətli münasibətlər olacaq. Azərbaycanın o bölgəyə açılımı üçün Səudiyyə Ərəbistanı ciddi bir qapı ola bilər”.

Vilayət Muxtar/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 412 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed