Şrift:
20 Yanvar - sarsılmaz milli birliyin simvolu
19.01.2022 [10:55] - Xəbərlər, Sosial
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş “20 Yanvar- sarsılmaz milli birliyin simvolu” mövzusunda tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi anılıb.

Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən muzeyin icraçı direktoru dosent Fərhad Cabbarov 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verib. O qeyd edib ki, keçmiş sovet imperiyası ordusu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən ağır cinayət törədib, günahsız insanları qətlə yetirib. 20 Yanvar tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsidir.

Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, iradəsindən dönməmək əzmini bütün dünyaya nümayiş etdirdi.

Vətən müharibəsində qazandığımız Böyük Qələbədən bəhs edən F.Cabbarov rəşadətli Ordumuzun düşmənə qarşı mərdliklə döyüşdüyünü, torpaqlarımızı işğaldan azad etdiyini bildirib.

Muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin baş mütəxəssisi Zümrüd İsmayılova, “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov, Vətən müharibəsi qazisi, baş leytenant Səyavuş İmranov və digər çıxış edənlər də 20 Yanvar qırğınının dəhşətlərindən danışıb, şəhidlərin əziz xatirəsinin daim ürəklərdə yaşayacağını vurğulayıblar.

Tədbirdə qanlı hadisələri əks etdirən “Faciənin fotosu” sənədli filmi nümayiş olunub.
Bu xəbər oxucular tərəfindən 477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed