Şrift:
20 Yanvar: müasir tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi
20.01.2022 [09:13] - Xəbərlər, Sosial
Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan Rayon Heydər Əliyev Mərkəzinin və Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-cu ildönümü ilə əlaqədar “20 Yanvar: müasir tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi" adlı anım tədbiri keçirilib.

Rayon təhsil şöbəsinin əməkdaşlarının, Uçaq-Gənclər İnkişaf Mərkəzinin müəllim və şagirdlərinin, Heydər Əliyev Mərkəzinin kollektivinin, gənclərin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova çıxış edərək Qanlı Yanvar hadisələrindən, Azərbaycan xalqının qəhrəman oğul və qızlarının azadlıq uğrunda haqq mücadiləsindən danışıb. Bildirib ki, yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə, xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verilib.

Tədbirdə çıxış edən Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Zərifə Məmmədova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakı şəhərində törətdikləri faciədən bəhs edib. Bildirib ki, həmin gecə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Çıxışlardan sonra məktəblilərin hazırladıqları "Şəhidlər ölməz, Vətən bölünməz!" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib, 20 Yanvar faciəsindən bəhs edən sənədli film göstərilib. Tədbir çərçivəsində həmçinin Qanlı Yanvar hadisələri ilə bağlı rəsm sərgisinə baxış keçirilib.
Bu xəbər oxucular tərəfindən 479 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed