Şrift:
Yardımlının Honuba kənd məktəbində sinif otağına şəhidin adı verilib
21.01.2022 [10:08] - Gündəm, Sosial
Yardımlı rayonu Şəhid Ənvər Mirzəyev adına Honuba kənd tam orta məktəbinin kollektivi 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə tədbir keçirib.

Tədbirdə məktəbin rəhbərliyi, müəllimlər, şagirdlər və məktəbin məzunları, Aprel şəhidi Nurəddin Mirzəyevin valideynləri Ehtimat Mirzəyev və Fəxriyyə Burciyeva iştirak ediblər.

Çıxış edən direktor Ələddin Aslanov bildirib ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda və bir neçə bölgəmizdə sovet qoşunları sivil əhaliyə atəş açaraq misli görünməmiş qətliama imza atdılar. Azərbaycanlıların müstəqillik duyğularını boğmaq məqsədi güdən bu mənfur addım puça uğradı. Vətənpərvər oğul və qızlarımız yalın əllə tankların qarşısına çıxaraq əsarət zəncirini darmadağın etdilər.

Şəhid Nurəddin Mirzəyevin atası E.Mirzəyev bildirib ki, 20 Yanvar hadisələrində öz azadlığını qanı ilə qazanan xalqımız ötən 30 il ərzində də torpaqlarımızı işğal etmiş yağı düşmənə qarşı barışmaz mövqe sərgilədi və yenidən şəhidlərimizin qanı bahasına Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə ərazi bütövlüyümüzü bərpa etdik. “Övladım Nurəddin də böyük Qələbənin başlanğıcı olan Aprel döyüşlərində Lələtəpə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı”, - deyə şəhidin atası əlavə edib.

Tədbir çərçivəsində, həmçinin vaxtilə şəhid Nurəddin Mirzəyevin oxuduğu sinif otağına onun adı verilib. Sinif otağının girişində şəhidin xatirə lövhəsinin açılışı olub.

Məktəbin tarix müəllimləri Rafiq Həmzəyev və Tünzalə Həsənova vurğulayıblar ki, şəhidlərimizin qanı bahasına bizə bəxş etdikləri azadlıq və dövlət müstəqilliyini göz bəbəyimiz kimi qorumalıyıq. Prezident İlham Əliyevin qətiyyəti hesabına Azərbaycan xalqı tarixinin ən böyük Zəfərinə imza atıb. “Üzərimizə olduqca məsuliyyətli vəzifə düşür. Şəhidlərimizin xatirəsini daim uca tutaraq müstəqilliyin dəyərini gənc nəslə aşılamalı, onları Azərbaycanın çiçəklənməsinə töhfə verəcək layiqli vətəndaşlar kimi tərbiyə etməliyik. Xatirə lövhəsinin açılışı və sinif otağına şəhidin adının verilməsi də məhz bunun nümunəsidir”, - deyə müəllimlər vurğulayıblar.

Tədbirdə 20 Yanvar faciəsinə, o cümlədən məktəbin adını daşıdığı Birinci Qarabağ müharibəsi şəhidi Ənvər Mirzəyevin və Aprel şəhidi Nurəddin Mirzəyevin xatirələrinə həsr olunmuş stendlərə baxış keçirilib, şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Bu xəbər oxucular tərəfindən 510 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed