Şrift:
Fərəc Quliyev:Rus soyad sonluğundan hələ də xilas ola bilməməyimiz ilk növbədə tənbəllikdən irəli gəlir
22.01.2022 [11:49] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
"Hesab edirəm ki, rus soyad sonluğundan hələ də xilas ola bilməməyimiz ilk növbədə tənbəllikdən irəli gəlir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Dərçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hələ də ölkə əhalisinin mütləq əksəriyyətinin rus soyad sonluqlarından qurtula bilməməsi səbəblərindən danışarkən deyib:

"Özüm keçən əsrin 90-cı illərindən Ulusoy soyadı ilə çıxış etsəm də, hələ də rəsmiləşdirməmişəm. Həmin məsələni Mlli Məclisdə də qaldırmışdım. Təklif etmişdim ki, indən belə anadan olan uşaqlar üçün soyadın dəyişdirilməsi zərurət kimi ortaya qoyulsun, məcburi xarakter daşısın. İlk öncə valideyn uşağının soyadı ilə bağlı bu istiqamətdə təklif verməlidir. O belə bir təkliflə çıxış etmədiyi təqdirdə isə, dövlət bir neçə soyad təklifiylə çıxış edə bilər ki, valideyn onlardan birini seçsin”.

Partiya sədrinin fikrincə, yaranmış vəziyyətdə könüllülük prinsipiylə bu məsələni uzun müddət ərzində həll edə bilməyəcəyik. Ona görə də sabiq deputat inzibati qaydaların tətbiqini vacib bildi:

"Belə olan halda, proses hələ çox çəkəcək. Ona görə də prosesin sürətlə həyata keçməsi üçün yuxarıda qeyd etdiyim şəkildə soyad məsələsində inzibati qayda tətbiq olunmalıdır. Ancaq bu formada rus soyad sonluqlarından qurtulmaq mümkündür. Yoxsa, tənbəlliyin hökm sürməsi fonunda məsələ öz həllini tapmadan davam edəcək. 10 il əvvəl bu istiqamətdə verdiyim təklif qəbul olunsaydı, bu gün artıq soyad sonluğu ov-yevlə bitən bir nəfər uşaq da qalmayacaqdı. Gec olsa da, məsələnin həlli vacibdir. Yaşlı adamlar üçün də hansısa bir inzibati metod tətbiq etməliyik ki, məsələni birdəfəlik həll edək”.

Rüfət Sultan/qaynarinfo.az
Bu xəbər oxucular tərəfindən 763 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed