Şrift:
ÜST: “Omikron” ştamından sonra Avropada pandemiyanın sonu “ağlabatan“ görünür
24.01.2022 [10:31] - Gündəm, Sağlıq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada koronavirus pandemiyasının sonunu indiki “omikron“ dalğasından sonra mümkün hesab edir.

Bu barədə beynəlxalq təşkilatın Avropa regional bürosunun rəhbəri Hans Kluqe deyib. O bildirib ki, Avropa regionunun pandemiyanın son mərhələsinə doğru irəlilədiyi ağlabatan görünür. Bununla belə ÜST rəsmisi koronavirusun mümkün yeni mutasiyalarından ehtiyatlı olmağı da vacib hesab edib.

H.Kluqe AFP agentliyinə verdiyi müsahibədə qeyd edib ki, indiki “omikron” dalğası səngidikdən sonra bir neçə həftə və ayları əhatə edən dövr ərzində qlobal immunitet yarana bilər. Bu, ya peyvəndlər sayəsində, ya da insanların xəstəlik vasitəsilə qazandıqları immunitet hesabına baş verəcəkdir. Bundan əlavə isə mövsümi effektlər də nəzərə alınmalıdır, yay aylarında yoluxmaların sayı aşağı düşəcəkdir: “Nəzərə almalıyıq ki, COVID-19 ilin sonunda geri dönənə kimi bir müddət sakitlik olacaqdır, lakin mütləq deyil ki, pandemiya geri dönsün”.

H. Kluqenin gözləntilərinə görə, yüksək yoluxma və peyvəndlər pandemiyanın sonunu yaxınlaşdıra biləcək.

ÜST-nin hesablamalarına görə, mart ayının ortalarına kimi Avropa regionunda əhalinin təxminən 60 faizi “omikron” ştamına yoluxa bilər. Yüksək yoluxuculuq qabiliyyətinə malik bu varianta yoluxanların xəstəliyi əvvəlki ştamlarla müqayisədə yüngül keçirməsi optimist proqnozlar üçün əsas yaradır.
Bu xəbər oxucular tərəfindən 810 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed