Şrift:
Azərbaycanlı nazir: “Qarabağdakı ermənilərin yaxşı yaşamalarını istəyirik”
30.12.2012 [13:16] - Gündəm, Siyasət
Elmar Məmmədyarov Dağlıq Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı kimi qəbul olunduğunu bildirib
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların gedişində Ermənistanın davamlı olaraq qeyri-konstruktiv mövqe tutması, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməkdən boyun qaçırması və buna paralel olaraq regionda vəziyyəti gərginləşdirməyə xidmət edən addımlar atmaqdan və işğal edilmiş ərazilərimizdə qanunsuz fəaliyyət göstərməkdən çəkinməməsi danışıqların uğurla nəticələnməsinə imkan vermir”.Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir qrup informasiya agentliyinə müsahibəsində deyib.

Nazir qeyd edib ki, bununla belə, ATƏT-in Minsk Qrupu (MQ) çərçivəsində aparılan danışıqların nəticəsiz qalmasına baxmayaraq, 2012-ci il münaqişənin həlli istiqamətində Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub: “Belə ki, NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı başda olmaqla nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinə dair sənədlər qəbul edilib və burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edilmiş və münaqişənin məhz, bu əsasda həllinin vacibliyi vurğulanıb. Dünya birliyinin mütləq əksəriyyətini birləşdirən bu beynəlxalq təşkilatların belə bir prinsipial mövqe nümayiş etdirməsindən Ermənistan nəticə çıxarmalı, öz mövqeyini bir daha təhlil etməli və dünya ictimaiyyətinin mövqeyinə uyğun şəkildə hərəkət etməlidir”.

E. Məmmədyarovun fikrincə, Minsk Qrupu çərçivəsində aparılan danışıqların bugünkü vəziyyətinin təhlili MQ tərəfindən daha nəticəyönlü və ədalətli yanaşmaya ehtiyac olduğunu göstərir: “Hesab edirik ki, keçən illər ərzində beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qərar və qətnamələr artıq münaqişənin həlli çərçivəsini, hüquqi bazasını və onun əsas elementlərini müəyyənləşdirib. Dünya birliyində artıq yekdil fikir formalaşıb ki, münaqişənin həlli Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması ilə başlanmalı və bunun ardınca münaqişə tərəfləri arasında əməkdaşlıq və etimad mühitinin formalaşmasına xidmət edən qarşılıqlı addımlarla işğalın ağır nəticələri aradan qaldırılmalıdır.

Yalnız bu addımlar nəticəsində Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında birgə yaşayış və əməkdaşlıq mühiti formalaşdırıla bilər. Təəssüflər olsun ki, rəsmi Yerevanın hər iki icmanın nümayəndələrinin görüşlərinin keçirilməsinə maneə olması icmalararası etimad mühitinin yaradılmasına və bütövlükdə münaqişənin həllinə mənfi təsir göstərir”.

Nazir Azərbaycanın mövqeyinin aydın olduğunu vurğulayıb: “Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq və bütün regionun inkişafında maraqlıyıq. Azərbaycan öz yüksək iqtisadi potensialını bütün regionun inkişafına yönəltməyə hazırdır. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması Ermənistanın özünün Azərbaycanın geniş iqtisadi potensialından yararlanmasına və eyni zamanda Azərbaycanın Dağlıq Qarabağ regionu üçün də real inkişaf proqramının ortaya qoyulmasına, o cümlədən real investisiyaların cəlb edilməsinə şərait yarada bilər. Biz Dağlıq Qarabağ regionunda yaşayan erməniləri öz vətəndaşlarımız kimi qəbul edirik və onların yaxşı şəraitdə yaşamasını istəyirik. Lakin Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qalması bunun üçün başlıca maneədir”.
Bu xəbər oxucular tərəfindən 1045 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed