Şrift:
“Dilə gəldi, telli sazım” adlı ədəbi-bədii gecədə Aşıq Alı yaradıcılığından söz açılıb
28.01.2022 [10:41] - Gündəm, Mədəniyyət
Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 saylı kitabxana filialı haqqı və ədaləti təbliğ edən ürfan sahibi, sufi şair Aşıq Alının 220 illiyi ilə əlaqədar onlayn formatda “Dilə gəldi, telli sazım” adlı ədəbi-bədii gecə keçirib.

Tədbiri kitabxana filialının müdiri Züleyxa Məlikova açaraq ustad aşığın həyat və yaradıcılığından söz açıb.

Tədbirdə Aşıq Alı yaradıcılığının araşdırmaçısı Qabil Zimistanoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Aşıq Alı soyundan olan Telman Hüseynov, “Dədə Ələsgər Ocağı İctimai Birliyi”nin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli, Aşıq Alı şəcərəsinin nümayəndəsi Taleh Əlioğlu, şair Aqşin Hacızadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aləmzar Əlizadə, təqaüddə olan müəllim Validə Hüseynova, Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Aidə Abdullayeva, Dəliməmmədli musiqi məktəbinin şagirdi Elman Məmmədov, gənc aşıq Ömər Məmmədov, Aşıq Təbriz, Göyçənin ustad aşığı Bəhmən Göyçəli, Aşıqlar Birliyinin üzvü İlqar Nəcəfov, MKS-nin direktor əvəzi Fəridə Qədimova çıxış edərək aşığın yaradıcılığının oxucular tərəfindən sevilə-sevilə oxunduğunu bildiriblər. Qeyd edilib ki, Aşıq Alı böyük təcnis ustası olduğundan el arasında onu “Təcnis Alı”, “Loğman Alı”, “Dədə Alı”, “Şıx Alı” da deyə çağırardılar. Aşığın ədəbi irsi bütövlükdə bizə gəlib çatmasa da, əldə olan qoşma, təcnis, təsnif, bayatı, gəraylı, ustadnamə, deyişmələrin hər biri əsl sənət nümunəsidir.

Bildirilib ki, Aşıq Alı gözəl şair olmaqla yanaşı, həm də saz havalarının misilsiz yaradıcısı kimi tarixə düşüb. “Göyçə şərili”, “Göyçə gülü”, “Ağır şərili”, “Göyçə qaytağı”, “Qəhrəmani”, “El bayatısı” (“Köç bayatı”), “Gilənar” saz havalarının Aşıq Alı tərəfindən yaradıldığı heç kimə sirr deyil. Onun əzəmətli və möhtəşəm poetik dühası insan gözəlliyini, harmoniya və ahəngdarlığını mükəmməl sənət nümunəsi kimi təqdim etməyə imkan yaradır.

Aşıq Alının çoxlu şagirdinin olduğu da məlumdur. Aşıq Ələsgər, Aşıq Mehdi, Aşıq Məhəmməd, Aşıq Hümmət kimi qüdrətli sənətkarlar ustaddan bəhrələnmiş, özləri də ustadlıq səviyyəsinə yüksəlmişlər. 1911-ci ildə dünyasını dəyişən sənətkardan gələcək nəsillərə böyük bir irs miras qalıb. Aşıq Alı həm də tarixə Ağ Aşığın şagirdi, Aşıq Ələsgərin ustadı kimi düşüb. Bu üç sənətkar - Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər XIX əsr aşıq ədəbiyyatının üç gedişli-gəlişli, əbədi yoluna çevrilib.

Sonra aşıqlarımızın ifasında Aşıq Alının sözlərinə yazılmış mahnılar və şeirlər səsləndirilib.
Bu xəbər oxucular tərəfindən 670 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed