Şrift:
“Aktual media" -"Aktual məktəb"nin jurnalistika kursunun tələbələri Ukraynanın Gürcüstandakı səfiri ilə görüşüblər
04.02.2022 [10:23] - Gündəm, Sosial
Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Aktual media" -"Aktual məktəb"nin jurnalistika kursunun tələbələri fevralın 3-də Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqovla görüşüblər.

Görüşdə səfir Ukraynanın demokratik inkişafı, NATO və Avroatlantik strukturlara inteqrasiyası barədə ətraflı məlumat verib.

Diplomat Ukraynanın Gürcüstan və Azərbaycan ilə dostluq əlaqələrindən bəhs edib, üç ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.

Son vaxtlar Ukrayna ətrafında gedən proseslərdən danışan səfir, Ukrayna, Azərbaycan və Gürcüstanın ərazilərinin işğal oldunduğunu, Müzəffər Azərbaycan Ordusunun öz torpaqlarını azad etdiyini diqqətə çatdırıb. O, Ukraynanın və Gürcüstanın da öz torpaqlarını işğaldan azad edəcəklərinə ümid etdiyini vurğulayıb.

İqor Dolqov Prezident İlham Əliyevin bu günlərdə Ukraynaya səfərini qeyd edib, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə, Azərbaycan və Gürcüstan rəhbərlərinə minnətdarlıq edib.

Aktual media” – “aktual.ge” portalının direktoru İlkin Hüseynov jurnalistika kursunun əhəmiyyəti barədə məlumat verib, qonaqpərvərliyə və ətraflı məlumata görə səfirə minnətdarlığını bildirib.

O deyib ki, Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın və Azərbaycanın Ukrayna ilə əlaqələrinin inkişafını dəstələdiklərini və Ukrayna xalqına əmin-amanlıq, sülh və sabitlik arzuladıqlarını diqqətə çatdırıb.

Görüşdə jurnalistika kursunun müəllim-təlimçiləri AZƏRTAC-ın Gürcüstan üzrə müxbiri Xətayi Əzizov və “Mtavari” telekanalının jurnalisti Ceyhun Məhəmmədəli fikirlərini bölüşüb, görüşün təşkilinə görə səfirə təşəkkür ediblər.
Bu xəbər oxucular tərəfindən 569 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed