Şrift:
Filippində Prezident seçkiləri ərəfəsində seçkiöncəsi kampaniya başlayıb
08.02.2022 [10:12] - Xəbərlər, Siyasət
Fevralın 8-də Filippində yazda keçiriləcək Prezident seçkiləri ərəfəsində seçkiöncəsi kampaniyaya start verilib.

Filippinli seçicilər səlahiyyət müddəti başa çatmaqda olan Rodriqo Dutertenin yerinə yeni dövlət başçısı seçmək üçün mayın 9-da seçki məntəqələrinə üz tutacaqlar.

Filippinin yeni Prezidenti olmaq uğrunda on namizəd mübarizə aparacaq, amma onlardan dördü əsas rəqib hesab edilir. Bunlar keçmiş senator kiçik Ferdinand Markos, hazırda vitse-prezident vəzifəsini tutan sabiq hüquq müdafiəçisi Leni Robredo, Manila şəhərinin meri, keçmiş aktyor Fransisko Domaqoso və sabiq peşəkar boksçu, senator Menni Pakyaodur.

Seçkiöncəsi kampaniyada namizədlərin əsasən R.Dutertenin narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı kəskin mübarizəsi və Cənub Çin dənizində artmaqda davam edən ərazi mübahisəsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirəcəyi gözlənilir.

Aparılan son ictimai rəy sorğularının nəticələrinə görə, namizədlər arasında 20 il ölkəni diktatura şəraitində idarə etmiş Ferdinand Markosun böyük oğlu kiçik Ferdinand Markos öndə gedir.
Bu xəbər oxucular tərəfindən 362 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed