Şrift:
Lənkəranda şəhidlərin xatirəsi əbədiləşdirilib
09.02.2022 [09:56] - Xəbərlər, Sosial
Lənkəran rayonunda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda daha çox şəhid vermiş təhsil müəssisələrindən biri 20 Yanvar şəhidi Rövşən Bədəlovun adını daşıya şəhər 9 nömrəli tam orta məktəbdir. Məktəbin məzunlarından 1 nəfəri 1990-cı il 20 yanvar hadisələri zamanı, 6 nəfəri isə Qarabağ müharibəsində erməni işğalçılarına qarşı qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub.

Fevralın 8-də Lənkəran şəhər 9 nömrəli tam orta məktəbin məzunları olmuş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə tikilmiş abidə kompleksinin açılış mərasimi keçirilib.

Bu münasibətlə keçirilən tədbirdə rayon rəhbərliyi, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi qaziləri, ictimaiyyət nümayəndələri və məktəb kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları abidə önünə tər çiçəklər düzərək şəhidlərin xatirəsinə ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin əbədiləşdirilməsi sahəsində görülən işlərdən danışaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərin milli-mənəvi dəyərlərin geniş təbliğində, gənc nəslin vətənpərvər ruhda tərbiyələnməsində əhəmiyyətini yüksək dəyərləndirib.

T.Qaraşov şəhidlərin valideynləri və doğmaları ilə görüşərək onların qayğıları ilə maraqlanıb.

Şəhid ailələrin üzvləri, Qarabağ müharibəsi qaziləri ölkəmizdə, o cümlədən Lənkəran rayonunda müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıga görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Mərasim məktəblilərin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompazisiya ilə başa çatıb.
Bu xəbər oxucular tərəfindən 453 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed