Şrift:
Pekin Olimpiadası heyəti arasında ötən sutka doqquz nəfərin koronavirusa yoluxduğu aşkarlanıb
10.02.2022 [10:32] - Gündəm, İdman
“Pekin-2022” Qış Olimpiya Oyunları heyəti arasında COVID-19 infeksiyasına yoluxma halları davam edir. Ötən sutka 75 min 577 nəfərdən PCR testi götürülüb. Onlardan 9 nəfərinin test cavabı pozitiv olub.

24-cü Qış Olimpiya Oyunlarının təşkilat komitəsinə istinadla xəbər verir ki, ötən sutka Olimpiada üçün xaricdən 61 nəfər, o cümlədən 32 atlet və komanda rəsmisi Çinə gəlib. Onlardan 6 nəfərdə yoluxma aşkarlanıb. Bundan başqa, Olimpiya Oyunları üçün təsdiqlənmiş epidemiya əleyhinə qaydalara əsasən, Olimpiada cəlb olunanlar, yəni idmançılar, məşqçilər, komanda heyəti, texniki heyət, könüllülər, jurnalistlər hər gün test verir. Ötən sutka həmin test prosesi zamanı komanda üzvü olan 3 nəfərin virusa yoluxması aşkarlanıb.

“Pekin-2022” Qış Olimpiya Oyunları ilə əlaqədar “qapalı sistem”in tətbiq olunmağa başladığı yanvarın 23-dən bəri 407 nəfərin, o cümlədən 169 idmançının test cavabı pozitiv olub. Yanvarın 23-dən bəri Olimpiya Oyunları üçün Çinə 13 min 96 nəfər gəlib. Həmin gündən indiyədək “Pekin-2022” ilə əlaqədar 1 milyon 101 min PCR (polimerazalı zəncir reaksiyası) analizi götürülüb.

Qeyd edək ki, COVID-19 pandemiyasına təsadüf edən “Pekin-2022” Qış Olimpiya Oyunlarında epidemiya əleyhinə xüsusi qaydalar tətbiq olunur. Xaricdən gələn bütün heyət üzvləri hava limanından etibarən “qapalı sistem”ə düşür. Onlar “Olimpiya kəndi”, yarış məkanları və Olimpiya Oyunları üçün nəzərdə tutulan digər yerlərdən kənara çıxa bilməzlər. Bu qayda Olimpiya Oyunlarına cəlb olunan yerli heyətə də aiddir.
Bu xəbər oxucular tərəfindən 428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed