Şrift:
Karim İfrak: UNESCO-nun texniki missiyası 30 il gizlədilən reallığın aşkarlanması üçün yeganə vasitədir
11.02.2022 [09:59] - Xəbərlər, Siyasət
UNESCO Qarabağda əsil vəziyyəti dərk etmək üçün texniki missiyanı göndərməlidir. Azərbaycan əraziləri işğal altında olanda Bakının dəfələrlə müraciət etməsinə baxmayaraq, UNESCO həmin ərazilərə missiya təşkil etmədi.

Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) islamşünas alimi, Paris Tədqiqatlar Ali Məktəbinin doktoru, bir çox beynəlxalq tədqiqat qruplarının üzvü Karim İfrak bu sözləri müsahibəsində söyləyib.

“Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşdə də bu məsələ rəsmi şəkildə dilə gətirildi. UNESCO-nun texniki missiya təşkil etməsi çox vacibdir”, - deyə K.İfrak deyib.

Bildirib ki, texniki missiya çox vacibdir və bu məsələ aktual olaraq qalır. Texniki missiya 30 il ərzində gizlədilən reallığın aşkarlanmasının yeganə vasitəsidir. Qarabağ bir çox mədəniyyətlərin, sivilizasiyaların olduğu məkandır. Burada bir çox dinlər mövcud olmuş və bu gün də yaşamaqdadır. Zərdüştlük, xristian, yəhudi dinləri, VII əsrdən isə İslam dininin nümayəndələri bu məkanda birgə yaşamış və bu gün də yaşayırlar.

Bu regionda Misir kop kilsəsi ilə bağlı alban kilsəsi olub. Alban kilsəsi Qafqazda çiçəklənib, inkişaf edib və əsas din olub. VII əsrdə İslamın gəlişindən sonra da alban kilsələri inkişaf edib. Bu gündə ölkə ərazisində alban kilsələrinin olması bunu bir daha sübut edir. Təəssüf olsun ki, erməni kilsəsi tərəfindən təqib olunaraq və erməni kilsəsinin təzyiqləri nəticəsində ən qədim alban xristianları yoxa çıxaraq unudulub. Alban əlifbası, kitabələrinin bəzi nümunələri bu günə qədər gəlib çıxıb. I, II və III əsrlərə aid bəzi alban əlyazmaları təsadüf nəticəsində tapılıb. Xüsusilə də, Mon Sinay kitabxanasında çox mühüm məlumatlar, eləcə də alban kilsəsinin Misir Kop kilsəsindən qaynaqlandığını göstərən məlumatlar var. Müxtəlif sivilizasiyaların kəsişməsində yerləşən bu məkan tarixi, mədəni və dini irs ilə zəngindir.

“UNESCO-nun mandatına sadiq qalması vacibdir. UNESCO-nun texniki missiyası ilə bu regionun bütün tarixi, mədəni və dini irsi aşkarlanaraq tədqiq edilməlidir. Alban kilsəsi ilə bağlı məlumatlar beynəlxalq səviyyədə tanınmalıdır. Həmçinin bu missiya min illər tarixi olan regionda zərdüştlük, xristian, yəhudi və müsəlman irsinin qorunması üçün vacibdir. Bu region bir çox mədəniyyətləri, sivilizasiyaları bir araya gətirən və sivilizasiyaların kəsişdiyi mühüm məkandır. Bu regionun tarixi, mədəni və dini irsinin beynəlxalq səviyyədə tanınması baxımından UNESCO-nun texniki missiya təşkil etməsi çox vacibdir”, - deyə Karim İfrak vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 342 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed